İQTİSADİYYAT
Oktyabr ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb
Bakı, 17 dekabr, AZƏRTAC
Oktyabr ayının 31-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,690.2 milyon manat, kredit portfeli 11,889.2 milyon manat, cəmi öhdəlikləri isə 25,518.2 milyon manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sektorun balans kapitalı 4,172 milyon manat olub. 2018-ci ilin oktyabr ayı ərzində bank sektorunun aktivləri 1.7 faiz (488.4 milyon manat), öhdəlikləri 1.7 faiz (429.2 milyon manat), balans kapitalı isə 1.4 faiz (59.2 milyon manat) artıb. Oktyabr ayında bankların kredit portfelinin dinamikasında əhəmiyyətli dəyişiklik baş verməyib. Cari ilin əvvəli ilə müqayisədə isə bank sektorunun kredit portfeli üzrə 5 faiz (551.6 milyon manat) artım olub.
Hesabat tarixinə fiziki şəxslərin əmanətləri 8,057.9 milyon manat təşkil edib. Ümumilikdə, 2018-ci ilin 10 ayında fiziki şəxslərin əmanətləri 6.8 faiz artıb.
Bank sektoru cari ilin 10 ayı ərzində 581.8 milyon manat əməliyyat mənfəəti, 238 milyon manat xalis mənfəət generasiya edib.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 508, şöbələrinin sayı 140, ATM-lərin sayı 2 492 olub. Bank sektorunun işçi heyəti oktyabr ayında 0.8 faiz (145 nəfər) artaraq 17 211 nəfər təşkil edib. Ümumilikdə, cari ilin 10 ayında bank sektorunda çalışanların sayı 6.4 faiz (1 040 nəfər) artıb.
Oktyabrın 31-nə əsas göstəricilər bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.