İQTİSADİYYAT
Oktyabrın 11-də "Bank Standard"ın əmanətçilərinə kompensasiya ödənişinə başlanılacaq
Bakı, 4 oktyabr, AZƏRTAC
"Bank Standard" QSC-də oktyabrın 4-də sığorta hadisəsi baş verib. Bununla əlaqədar olaraq, oktyabrın 11-də kompensasiya ödənişinə başlanılacaq. Bu məqsədlə dövlətdən 10 il müddətinə, illik 0,15 faizlə 460 milyon manat borc alınacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov oktyabrın 4-də keçirdiyi mətbuat konfransında məlumat verib.
"Bank Standard" QSC-də fiziki şəxslərin ümumi əmanətlərinin cəmi 603 milyon manat, qorunan əmanətlərin cəmi 568 milyon manat, kompensasiya olunan əmanətlər 460 milyon manat təşkil edir. Dolların məzənnəsindən asılı olaraq bu rəqəm dəyişə bilər. Əmanətlərin 62 faizi dollarda və digər valyutalarda, 38 faizi isə manatdadır. Qorunan əmanətçilərin sayı 138 min nəfərdir. Onlardan 50 min nəfərin kompensasiya məbləği manatdan yuxarıdır", - deyə icraçı direktor deyib.
Hazırda Əmanətlərin Sığortalanması Fondunun sərəncamında 33 milyon manat vəsaitin olduğunu deyən A.Cavadov qeyd edib ki, fondun hazırda kompensasiya ödənilən 9 bankın əmanətçilərinə də borcu elə 33 milyon manat təşkil edir.
A.Cavadov diqqətə çatdırıb ki, ilk dəfədir Azərbaycanın ilk beşliyinə daxil olan bankda – "Bank Standard" QSC-də sığorta hadisəsi baş verib. Əmanətlərin Sığortalanması Fondu "Bank Standard"ın əmanətçilərinə kompensasiya ödəyəcək və bankın ləğvedicisi olacaq.
Bildirilib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən lisenziyası ləğv edilmiş "Bank Standard" QSC-nin əmanətçilərinə kompensasiya bankın filiallarında ödənilə bilər. Bununla bağlı bankın həm baş ofisi, həm də filiallarının texniki imkanları nəzərdən keçirilir. Lazım olarsa, əmanətçilər kompensasiyanı "Bank Standard"ın baş ofisindən ala biləcəklər.
Qeyd edək ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən, "Bank Standard" kommersiya bankının lisenziyası oktyabrın 1-dən etibarən ləğv edilib.