CƏMİYYƏT


Oktyabrın 12-si Dünya Artritlə Mübarizə Günüdür

Bakı, 12 oktyabr, AZƏRTAC

1996-cı ildən oktyabrın 12-si Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə bir çox ölkədə Dünya Artritlə Mübarizə Günü kimi qeyd edilir.

AZƏRTAC xəbər verir ki, həmin günün qeyd olunmasında əsas məqsəd revmatoloji xəstəliklər və artritin formaları haqqında ictimaiyyəti məlumatlandırmaq, xəstəliyin erkən diaqnostikası, profilaktikası, tibbi və sosial bərpası məsələlərinə diqqəti cəlb etmək, həkim, xəstə və ictimaiyyətin səylərinin birləşdirilməsidir.

Artrit bir və ya bir neçə oynağın ciddi iltihabi xəstəliyidir, onun müalicə edilməməsi nəinki ağrı və hərəkətin məhdudlaşmasına, həm də əlillik və iş qabiliyyətinin itirilməsinə səbəb olur. Ümumiyyətlə, oynaq xəstəliklərinin böyük bir qrupunu artrit adlandırırlar və onlardan ən geniş yayılanı artroz və revmatoid artritdir. Oynaqların tez-tez təkrarlanan ağır və yüngül travmaları, fiziki gərginlik və ya genetik irsiyyət xəstəliyin yaranma səbəbləri sırasına aid edilir. Bundan başqa artritin inkişafı virus və bakterial infeksiyaları, həddindən artıq soyuqlama, fiziki və psixi yüklənmə, hətta siqaretə aludəçilik də xəstəliyə səbəb ola bilər. Lakin xəstəliyin yaranma səbəbləri və inkişaf mexanizmləri heç də tam öyrənilməyib.

Son onillikdə dünyada sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəliklərinin artması müşahidə edilir. Bu problem sümük-əzələ, qan dövranı və tənəffüs sistemi xəstəliklərindən sonra üçüncü yerdədir. Yaranma səbəbləri və inkişaf mexanizmi tam öyrənilməyən artritin insan ömrünü 3-7 il qısaltdığı sübut olunub. Ən təhlükəlisi isə odur ki, xəstəliyin risk qrupuna yaşından asılı olmayaraq hər kəs daxildir. Lakin artrit ən çox oynaqların revmatik xəstəliyinin yaranmasına səbəb olur ki, bu da 30-50 yaş arası olanlarda rast gəlinir. Kişilərə nisbətən qadınlarda həmin xəstəliyə beş dəfə çox rast gəlinir.

Xəstəlikdən yaxa qurtarmaq üçün həkimlər sağlam həyat tərzi keçirməyi, fiziki hərəkətlər etməyi, düzgün qidalanmağı, həmçinin öz psixoemosional vəziyyətini dəqiq qiymətləndirməyi məsləhət görürlər. Müntəzəm fiziki hərəkətlər əzələlərin möhkəmlənməsinə və qamətin yaxşılaşmasına kömək edir. Artrit xəstələrinin qidasında turşuluq dərəcəsi aşağı olmalı, menyuya meyvə və tərəvəzlərdən hazırlanan salatlar daxil edilməlidir. Alma, gavalı, turşəng, qaragilə meyvələri, çaytikanı, qara qarağat, həmçinin D vitamini ilə zəngin qidalar rasionda üstünlüyə malik olmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.