CƏMİYYƏT


Oktyabrın 15-i Ümumdünya Əllərin Yuyulması Günüdür

Bakı, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 15-nin Ümumdünya Əllərin Yuyulması Günü ilk dəfə 2008-ci ildə BMT Baş Assambleyası tərəfindən keçirilən Sanitariya ili çərçivəsində BMT-nin Uşaq Fondu tərəfindən elan olunub. Onun elan edilməsinə dəstək olaraq həmin gün dünyada 70-dən çox ölkədə 120 milyondan çox uşaq sabunla əllərini yuyub.

AZƏRTAC xəbər verir ki, həmin gün keçirilən genişmiqyaslı tədbirlərin məqsədi gigiyena qaydalarının vacibliyinə ictimaiyyətin diqqətini cəlb etməkdir. Kütləvi informasiya vasitələrinin köməyi ilə Əllərin Yuyulması Günündə bir sıra ölkələrdə gigiyenik tədbirlər aparılır, məktəblilərə məlumat kitabçaları paylanılır.

Əlbəttə, elə görünə bilər ki, əllərin yuyulması hər kəsin şəxsi işidir və hər kəs ona öz təmizkarlığı və tərbiyəsinə uyğun olaraq əməl edir. Digər tərəfdən, BMT-nin və Dünya Səhiyyə Təşkilatının mütəxəssislərinin qeyd etdiyi kimi, dünya miqyasında yanaşılanda yuyulmamış əllərin problemi xoşagəlməz nəticələrə səbəb olur. Yuyulmamış əllər vəba, virus pnevmoniyası, hepatit, qrip, difteriya, konyunktivit, qaşınma və müxtəlif göbələk xəstəliklərinə yoluxma riskini dəfələrlə artırır.

Əllərin adi yuyulması kimi sadə gigiyenik prosedur hər gün minlərlə uşağın həyatını xilas edə bilər. O yalnız zərərverici viruslar və infeksiyalarla orqanizmin yoluxmasının qarşısını almağa kömək etmir, həm də həyatımızı daha rahat, xoş və təhlükəsiz edir.

“Çirkli əllər” Asiya və Afrika ölkələrində uşaq ölümünün yüksək faizinin əsas səbəblərindən biridir. UNİSEF-in məlumatına görə, “çirkli əllər xəstəliyi” adlandırılan ishaldan hər gün beş min uşaq ölür. Halbuki onlara yeməkdən əvvəl və tualetdən çıxdıqdan sonra əlləri sabunla yumaq öyrədilməsi həmin ölümlərin sayını dəfələrlə azalda bilərdi...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.