MƏDƏNİYYƏT
“Öldür beni, Ayolcum” azərbaycanlı rejissorun təqdimatında
Bakı, 2 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı xarici ölkə teatrları ilə yaradıcılıq əlaqələrini genişləndirməkdə davam edir.
Teatrın rejissoru, Əməkdar Artist Nicat Kazımov 88-ci teatr mövsümünün sonunda Moldova Respublikası Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrından dəvət alaraq görkəmli türk yazıçı və dramaturqu Əziz Nesinin “Öldür məni can-ciyər” pyesi əsasında “Öldür beni, Ayolcum” tamaşasını hazırlayıb.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşanın premyerası avqustun 28-də nümayiş olunub. Tamaşanın ikinci premyerası sentyabrın 11-ə planlaşdırılır. Sentyabrın 19-da sözügedən teatrın kollektivi Ukraynada keçiriləcək Beynəlxalq Teatr Festivalına yeni tamaşa ilə gedəcək. Tamaşa, həmçinin sentyabrın sonlarında Türkiyədə baş tutacaq “Qaqauz günləri” çərçivəsində nümayiş olunacaq.
Məlumat üçün bildirək ki, Moldovanın Qaqauz Yeri Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrının dəvətinə əsasən baş tutan rejissor mübadiləsinin əsas məqsədi inkişafda olan Qaqauz teatrı ilə qədim və zəngin ənənəyə malik Azərbaycan teatrları arasında yaradıcılıq əlaqələrinin qurulması və genişləndirilməsidir.