SİYASƏT


Oleq Kuznetsov: Ermənistan Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq üçün bir çox iddialarından əl çəkməlidir

Bakı, 9 dekabr, AZƏRTAC

Publisist Nadiyə Qafarova tanınmış rusiyalı politoloq Oleq Kuznetsovdan xüsusi olaraq AZƏRTAC üçün müsahibə alıb. Müsahibəni təqdim edirik.

– Ermənistanda müxtəlif səviyyələrdə - küçə nümayişlərindən tutmuş parlament iclaslarına qədər yerli politoloqların və hökumət dairələrinin nümayəndələrinin dilindən tez-tez Rusiyaya qarşı iddialar səsləndirilir. Sizcə, bu cür rusofob meyillər nə ilə bağlıdır? Bu mənada Rusiya Prezidenti Vladimir Putinin Soçidə keçirilən üçtərəfli görüşdə Azərbaycanda rus dilinə və mədəniyyətinə tükənməz maraq və hörmətin olduğunu vurğulaması heç də təsadüfi görünmür.…

- Ermənistanda rusofobiyanın artması hazırkı erməni cəmiyyətinin son 30 il ərzində Azərbaycan torpaqlarında mövcud olmuş işğalçı rejimə zəmanət kimi Rusiyaya qarşı bəslədiyi xülyaların iflasa uğraması ilə bağlıdır. Ermənistanın xarici siyasət və müdafiə doktrinaları əsasən Rusiyanın Ermənistan uğrunda savaşacağı ümidləri üzərində qurulub. Ermənistanda güman edirdilər ki, Azərbaycan işğal altındakı əraziləri azad etməyə başlayandan dərhal sonra Rusiya qoşunlarını Qarabağa yürüdəcək və Ermənistan ordusu 1992-ci ildə olduğu kimi, Rusiya hərbçilərinin arxasında gizlənəcək. Ermənistanın səsləndirdiyi “yeni müharibə – yeni ərazilər” prinsipi də məhz buna əsaslanırdı. Ermənistan tərəfi Rusiya hərbçilərinin Ermənistanın öz sərhədlərini Gəncəyə qədər genişləndirəcək zərbə gücünə çevriləcəyinə ümid bəsləyirdi. Uzun illər Ermənistan hakimiyyəti öz əhalisi arasında bu cür təbliğat aparıb, illüziyalar dağılandan sonra erməni cəmiyyəti özünü aldadılmış kimi hiss etdi.

Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi 30 il ərzində Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə rəsmi olaraq İrəvana işğalın nəticələrinin Rusiya tərəfindən tanınmayacağını və işğalçı rejimin daim davam edə bilməyəcəyini bəyan edib. Mənim fikrimcə, Ermənistan cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsinin artması məyusluq və ümidlərin iflasa uğramasından irəli gəlir. Bir məqamı da qeyd etmək lazımdır. 2000-ci ildən Ermənistanda milli ideologiya səviyyəsinə yüksəldilmiş və ölkədə hakimiyyəti ələ keçirən “Qarabağ klanı” – Sarkisyan və Köçəryan rejimi tərəfindən erməni xalqının beyninə yeridilən nasizmin qəhrəmanlaşdırılması siyasəti ilə Rusiya heç zaman barışmayıb. Bu klan Ermənistan iqtisadiyyatını Qarabağda işğalçı rejimin maraqlarına tabe etmişdi. Ona görə də Qarabağın Ermənistan üçün itirilməsi bütün milli illüziyaların itirilməsinə bərabər idi. Təbii ki, ermənilər həmişə olduğu kimi, özlərində heç bir günah görmədilər və yaranmış vəziyyətə görə Rusiyanı günahlandırdılar. Bu cür tendensiyalar Qərbdə erməni diasporunun maliyyə imkanları hesabına və düşmən ölkələrin hərbi kəşfiyyatları hesabına xeyli dərəcədə dəstəklənirdi. Məhz buna görə də biz hazırda Ermənistanda rusofobiyanın artdığını müşahidə edirik.

- 44 günlük müharibədə Ermənistanın məğlub olmasından sonra Paşinyanı “aciz”, “kapitulyant” və “Türkiyənin agenti” adlandırdılar. Sizcə də Ermənistan hökumətinin başçısının hərəkətləri situativliyi ilə səciyyələnir? Müharibədə məğlubiyyətə baxmayaraq, Ermənistan cəmiyyəti baş nazirinə etimadsızlıq göstərmədi, əksinə, onu dəstəklədi? Sizin fikrinizcə, bu, nə ilə bağlıdır?

- Bu yaxınlarda Ermənistanda keçirilən sosioloji tədqiqatların nəticələri göstərir ki, bu ölkə sakinlərinin 80 faizi revanşizm ideyalarına mənfi yanaşır. Qarabağ erməniləri ilə heç bir əlaqəsi olmayan Ermənistan əhalisinin əsas hissəsi Qarabağı Ermənistan üçün ballast hesab edir. Bu elektorat baş nazir Paşinyanı dəstəkləyir. Ermənistanda keçirilmiş son parlament seçkilərinin nəticələrinə görə, Paşinyanın partiyası parlamentdə səslərin üçdə iki hissəsini qazanıb. Bəzən mənə elə gəlir ki, Paşinyan Qarabağdan canını qurtarmaq üçün cəbhədəki diversiyaları qəsdən törədib... Bununla da o, Ermənistan üçün ballast olan Qarabağdan canını qurtardı və ölkədə “Qarabağ klanı”nın yox edilməsi üçün ideoloji və siyasi rıçaqlar əldə etdi. Bu klan 20 il ərzində – faktiki olaraq 2000-ci ildən 2020-ci ilədək ölkədə hakimiyyəti ələ keçirmiş və Ermənistan iqtisadiyyatını öz maraqları naminə istismar edirdi. Odur ki, Ermənistan əhalisinin əsas hissəsi müharibədə məğlubiyyətə uğrayan Paşinyandan daha çox Qarabağ klanına nifrət bəsləyir.

- Cəmi bir neçə gün əvvəl Ermənistanın “İrs” (Nasledie) partiyasının sədri Stepan Səfəryan Türkiyənin Anadolu agentliyinə müsahibəsində bildirib ki, Ermənistan Türkiyə və Azərbaycan ilə münasibətləri normallaşdırmaq üçün birbaşa bu ölkələrlə razılığa gəlməlidir. Sizin buna münasibətiniz necədir?

- Stepan Səfəryan yeni bir şey kəşf etməyib. Kremlin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi həmişə rəsmi İrəvanın ikitərəfli qaydada tarixi ziddiyyətləri aradan qaldırmaq üçün Bakı və Ankara ilə razılığa gəlməsindən irəli gəlib. Noyabrın 26-da qəbul edilmiş Soçi bəyanatında aydın şəkildə əks olunub ki, Ermənistan demarkasiya və delimitasiyası məsələsini Azərbaycanla ikitərəfli qaydada həll etməlidir. Rusiya isə sərhəd mübahisəsinin həlli üçün tərəflərə yalnız konsultativ yardım göstərməyə hazırdır. Ona görə də mən Stepan Səfəryanın bəyanatı ilə müharibədən sonrakı Qarabağ münaqişəsinin həlli ilə bağlı üçtərəfli bəyanatlar arasında heç bir ziddiyyət görmürəm. Ermənistan Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq üçün bir çox iddialarından, ambisiyalarından və ideoloji stereotiplərindən əl çəkməlidir. Tərəflərin bir-birinə doğru atacağı addımlar mehriban qonşuluq münasibətlərinin qurulmasına kömək edəcək. Əslində, Səfəryan ölkəsinin Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşdırılması üçün təkcə Rusiya deyil, həm də ATƏT-in Minsk qrupu və bütün dünya siyasi elitasının vasitəçiliyindən imtina etməyi təklif edir.

- Sonuncu sual. Rusiyanın vasitəsi ilə üçtərəfli bəyanatlar imzalanıb. Ermənistan ilə Azərbaycan arasında “Qordi düyünü”nün açılmasını necə təsəvvür edirsiniz: Kreml Ermənistandan demarkasiya, delimitasiya və Zəngəzur dəhlizi məsələlərində daha kompromisli olmağı təkidlə tələb edəcək, yoxsa vəziyyət ləng, uzunmüddətli xarakter alaraq, növbəti döyüşlərə səbəb olacaq?

- Üçtərəfli bəyanata diqqətlə nəzər salsaq aydın olur ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentləri faktiki olaraq razılaşıblar ki, nizamlanma prosesi ani olmayacaq, situasiya və obyektiv reallıqlara uyğun irəliləyəcək. Düşünürəm ki, tərəflər ziddiyyətlərin planlı şəkildə aradan qaldırılmasına çalışacaqlar və bu barədə razılıq əvvəlcədən əldə edilib. Müharibədən sonrakı tənzimləmə uzunmüddətli xarakter daşıyacaq. Uzun illərdən bəri öz torpaqlarının geri qaytarılmasını gözləyən Azərbaycan xalqı məsələnin tezliklə həll olunmasını istəyir və bu, başadüşüləndir. Lakin Azərbaycan öz Prezidentinin şəxsində bu məsələnin müəyyən vaxt çərçivəsində həll olunmasına razılıq verib. Tərəflərin öz mövqelərini dəqiqləşdirmək və öz ölkələrinin cəmiyyətlərini siyasi məzmunlu yekun sənədlərin qəbuluna hazırlamaq üçün kifayət qədər vaxt var. Güman edirəm ki, Paşinyan özü bu möhləti istəyib. Çünki son 30 il və bəlkə də daha çox müddət ərzində ermənilər “miatsum” ideologiyasının təsiri altında yaşayıblar. Bu cür düşmənçilik ideologiyanı mehriban qonşuluq ideologiyası əvəzləməlidir.

Paşinyanın hərəkətləri, Səfəryanın bəyanatı göstərir ki, Ermənistan əhalisinin müəyyən faizi bununla razıdır. Rusiya regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması proseslərinə kömək göstərəcək. Bununla bağlı 2021-ci il 11 yanvar tarixli bəyanata əsasən, üçtərəfli işçi qrup yaradılıb. Üçtərəfli işçi qrupun vəzifələrinin tam həcmdə yerinə yetirilməsi üçün Rusiya Baş nazirinin müavini A.Overçuk maksimum səylər göstərir. Deməli, Kreml Ermənistanı öhdəliklərini yerinə yetirməyə məcbur etmək məqsədilə İrəvana təsir edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.