CƏMİYYƏT
Oleq Slijevski: Belarus ilə Azərbaycan arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq üçün vacib hüquqi baza formalaşdırılıb
Bakı, 22 noyabr, AZƏRTAC
Belarus ilə Azərbaycan arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq üçün vacib hüquqi baza formalaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bunu Belarus Respublikasının ədliyyə naziri Oleq Slijevski noyabrın 22-də Bakıda keçirilən “Azərbaycan ədliyyəsinin bir əsrlik inkişaf yolu” mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.
Oleq Slijevski qeyd edib ki, Belarus ilə Azərbaycan arasında ədliyyə sahəsində əməkdaşlıq üçün bütün əsaslar mövcuddur. Keçən il biz reallıqları nəzərə alaraq, əməkdaşlıq barədə saziş imzaladıq. Ümumi maraq kəsb edən bir sıra məsələlərlə bağlı təcrübə mübadiləsi uğurla davam etdirilir. Azərbaycan Ədliyyə Nazirliyi ilə əməkdaşlığımız və nazirliyin həyata keçirdiyi təqdimatlar bizə sübut etdi ki, qurumlarımız arasında fəaliyyətlər bənzərdir və qarşımızda ümumi hədəflər durur.
Belarusun müvafiq sahədə Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayan qonaq qeyd edib ki, ölkələrimiz arasında bütün istiqamətlərdə əlaqələr nümunəvi xarakter daşıyır. Bu gün ikitərəfli münasibətlərimiz bütün sahələrdə sürətlə inkişaf edir. Bu inkişafa nail olunmasında dövlətlərimizin başçıları İlham Əliyevin və Aleksandr Lukaşenkonun xidmətləri misilsizdir.
“Ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətində mühüm uğurlar əldə olunub. Lakin bu uğurların artırılması üçün daha böyük potensial var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri bunu bir daha sübut etdi.
Yüksək əməkdaşlığın təməlini xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətləri müəyyənləşdirib. Xalqlarımızı eyni dəyərlər, uzun illər ərzində mövcud olan ümumi tarix və gələcək inkişaf yolunda birgə səylər birləşdirir”, - deyə Belarusun ədliyyə naziri bildirib.