REGİONLAR


Olimpiadada iştirak edən Naxçıvan şahmatçıları ilə görüş olub

Naxçıvan, 5 oktyabr, AZƏRTAC

Muxtar respublikanın ev sahibliyi ilə keçirilən on altı yaşadək yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadası davam edir. İki oyundan birində qələbə qazanan “Azərbaycan-Naxçıvan” komandası növbəti oyunlarda mübarizəsini davam etdirir.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, gənclər və idman naziri Ramil Hacı Naxçıvan şəhərindəki “Avtovağzal” hoteldə komandanın məşqçisi və idmançıları ilə görüşüb. Ölkəmizdə, eləcə də muxtar respublikada şahmata göstərilən yüksək dövlət qayğısından bəhs edən Ramil Hacı olimpiadanın Naxçıvan şahmatı və şahmatçıları üçün uğurlu olacağına inamını ifadə edib. Qeyd olunub ki, Prezident İlham Əliyevin və Ali Məclisin Sədri Vasif Talıbovun Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviçlə görüşləri şahmata dövlət səviyyəsində verilən yüksək dəyəri təcəssüm etdirir. Nüfuzlu yarışın nümunəvi təşkilatçılığı ictimaiyyətdə böyük maraqla qarşılanıb. Bütün bu və bu kimi amillər yerli şahmatçıların ruh yüksəkliyinə səbəb olan amillərdir.

Nazir komandanın növbəti görüşlərə hazırlığı ilə maraqlanıb, iştirakçıların təəssüratlarını öyrənib.

Baş məşqçi, qrosmeyster Urfan Sevdimaliyev səmimi görüşə və dəstəyə görə minnətdarlıq edib.

Ramil Hacı komandanın hər üzvünə böyük ümidlər bəslənildiyini xatırladıb, nəticədən asılı olmayaraq yarış təcrübəsinin onların karyerasına fayda verəcəyini deyib. Nazir komandaya növbəti görüşlərdə uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.