İDMAN
“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində Azərbaycan-Çin mədəniyyət festivalı keçirilib VİDEO
Bakı, 28 yanvar, AZƏRTAC
“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində yanvarın 28-də paytaxtın Nizami rayonundakı şəhid Namiq Həmzəyev adına 238 saylı tam orta məktəbdə “Pekin-2022” Qış Olimpiya Oyunlarına həsr olunmuş Azərbaycan-Çin mədəniyyət festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, mədəniyyət festivalının iştirakçıları - MOK-un Beynəlxalq əlaqələr şöbəsinin müdiri, “Pekin-2022” XXIV Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar Bağırov, Çinin Azərbaycandakı səfirliyinin nümayəndəsi baş konsulu Ding Tau şəhid Namiq Həmzəyevin məktəbin həyətindəki abidəsi önünə gül dəstələri qoyub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsini dərin ehtiramla yad ediblər.
Məktəbin idmançı şagirdlərinin təqdimatından və Çin mətbəxinin nümunələri ilə tanışlıqdan sonra akt zalında festivalın rəsmi hissəsi keçirilib.
İştirakçıları Azərbaycan və Çin dillərində salamlayan şagirdlər hər iki xalqın mədəni irsini özündə ehtiva edən xüsusi kompozisiyalar nümayiş etdiriblər.
Çinin Azərbaycandakı səfirliyinin baş konsulu Ding Tau çıxış edərək tədbirin təşkilindən və gələcəyimiz olan uşaqların idmana böyük maraq göstərmələrindən məmnunluğunu bildirib.
Tədbirdə MOK-un təşəbbüsü ilə start verilmiş və ölkədə geniş dəstək qazanmış, Olimpiya hərəkatı və onun hörmət, dostluq və mükəmməllik dəyərlərini özündə ehtiva edən OCEP proqramı, “Pekin-2022” Qış Olimpiya Oyunları haqqında ətraflı məlumat verilib.
OCEP layihəsinin birinci mövsümündə bu proqrama 100 mindən çox şagirdin və 6 mindən artıq müəllimin cəlb edildiyi, Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitələrinin layihənin icrasını böyük rəğbətlə qarşıladıqları qeyd olunub.
Sonra qonaqlara fevralın 4-20-də Pekində keçiriləcək Qış Olimpiya Oyunları, Pekin Olimpiadasının proqramında yer alan idman növləri haqqında məlumat verilib. Olimpiadada Azərbaycanı fiqurlu konkisürmə yarışlarında Vladimir Litvintsev və Yekaterina Ryabovanın təmsil edəcəkləri bildirilib.
Tədbirdə məktəblilər arasında minihokkey oyunu keçirilib. Həmçinin şagirdlər mahnı və rəqslər ifa edib, şerlər söyləyiblər.
Azərbaycan-Çin mədəniyyət festivalının sonunda məktəblilərə hədiyyələr təqdim olunub.