ELM VƏ TƏHSİL
“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində təlimlər davam edir
Bakı, 24 iyun, AZƏRTAC
“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində XV Avropa Gənclər Olimpiya Festivalına hazırlıq məqsədilə interaktiv təlimlər keçirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, Milli Olimpiya Komitəsində keçirilən təlimlərdə “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”na cəlb olunmuş ümumi təhsil müəssisələrinin müəllim və şagirdləri iştirak edirlər.
Təlimlərdə ümumilikdə 49 ümumi təhsil məktəbi üzrə 400-ə yaxın şagird və 100-dək müəllimin iştirakı nəzərdə tutulub. Təlimlər zamanı şagirdlərə olimpiya dəyərləri və ideyaları, könüllülük hərəkatı, proqrama daxil olan Avropa ölkələrinin tarixi, milli-mənəvi dəyərləri barədə geniş məlumatlar verilir, təqdimatlar nümayiş olunur. Həmçinin şagird və müəllimlərin xarici dil biliklərinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılır. Eyni zamanda, sessiya müddətində şagirdlərin iştirakı ilə müxtəlif intellektual oyunlar keçirilir.
Xatırladaq ki, “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu, Avropa Olimpiya Komitəsinin maliyyə dəstəyi, həmçinin Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalı Əməliyyat Komitəsinin təşkilatçılığı ilə həyata keçirilir. Proqram çərçivəsində XV Avropa Gənclər Olimpiya Festivalı iyulun 20-dən 28-dək keçiriləcək. “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın əsas məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdən ibarətdir.