İDMAN


“Olimpiya Odisseyası” layihəsi çərçivəsində növbəti görüş Cəlilabadda keçirilib

Bakı, 8 dekabr, AZƏRTAC

Cəlilabad rayonundakı Heydər Əliyev Mərkəzində “Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində Olimpiya çempionu Elnur Məmmədli ilə görüş keçirilib. Tədbirin məqsədi gənclər arasında sağlam həyat tərzinin, hər bir yaş kateqoriyası üçün bədən tərbiyəsi və idmanın əhəmiyyətinin, Olimpiya prinsiplərinin, uşaq, yeniyetmə və gənclərin cəmiyyətə sağlam inteqrasiyasının təbliği olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov ölkəmizdə, o cümlədən rayonda həyata keçirilən gənclər siyasəti və idman sahələrində əldə olunan nailiyyətlər barədə danışıb.

Ölkəmizdə aparılan uğurlu idman siyasəti nəticəsində əldə olunan uğurlardan, gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edən edən E.Hüseynov bildirib ki, Prezident İlham Əliyevin Azərbaycanda idmanın inkişafı ilə bağlı yürütdüyü siyasətin qayəsi gənclərin sağlam mənəvi və mədəni mühitdə böyüməsi ilə yanaşı, onların müasir düşüncə tərzinə də malik olmalarının təmin edilməsidir.

Gənclər və İdman Nazirliyinin Strateji planlaşdırma və beynəlxalq standartların tətbiqi sektorunun müdiri Məryəm Qafarzadə ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirilməsi nəticəsində əldə olunan uğurlar barədə məlumat verib. O, gənclərin məşğulluğu, yaradıcı təşəbbüslərini reallaşdırılması, gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb, onları zərərli vərdişlərlə mübarizəyə çağırıb.

Sonra çıxış edən Milli Olimpiya Komitəsinin nümayəndəsi Nazir Rəhimov və “İdmançılar” İctimai Birliyinin baş katibi Fərhad Acalov ölkəmizdə idman sahəsində aparılan işlər barədə məlumat veriblər, gənclər arasında Olimpiya dəyərlərinin təbliğində maarifləndirmənin vacibliyini vurğulayıblar.

Layihə müəllifi, kinorejissor Arzu Qulamov çıxışında “Elin nuru” filminin çəkilişləri zamanı baş verən maraqlı anlarla bağlı xatirələrini bölüşüb, “Azərbaycanın Olimpiya Odisseyası”nın qəhrəmanları olan çempionlarımız haqqında filmlərin ərsəyə gəlməsində xidmətləri olanlara təşəkkürünü bildirib.

Cəlilabad Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Rövşən Quliyev müasir dünyada cəmiyyəti ən çox narahat edən, faciəvi nəticələrə gətirib çıxaran narkomaniya və narkobiznesin insanların sağlamlığına, mənəviyyatına mənfi təsirlərindən danışıb, bunun dünya iqtisadiyyatına da ciddi zərbə vurduğunu qeyd edib. Ölkəmizdə cinayətkarlıqla qətiyyətli mübarizənin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu deyən R.Quliyev hazırda bu siyasətin dövlətimizin başçısı İlham Əliyev tərəfindən prioritet istiqamət kimi diqqətdə saxlanıldığını vurğulayıb.

Sonra 2008-ci il Pekin Olimpiadasının cüdo yarışlarında qızıl medal qazanan Elnur Məmmədlidən bəhs edən “Elin nuru” filmi nümayiş etdirilib.

Filmin nümayişindən sonra çıxış edən Olimpiya çempionu Elnur Məmmədli ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı üçün hər cür şərait yaradıldığını deyib. Bildirib ki, dövlətin yüksək diqqət və qayğısı nəticəsində idmanın bütün növləri sürətlə inkişaf edir. O, həmçinin idman həyatındakı maraqlı anları iştirakçılarla bölüşüb və onların sualları cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.