İDMAN


Olimpiya çempionu Fərid Mansurov: Prezidentimizin güləşçilərimizi qəbul etməsi bizə qürurverici anlar yaşatdı

Olimpiya çempionu Fərid Mansurov: Prezidentimizin güləşçilərimizi qəbul etməsi bizə qürurverici anlar yaşatdı

Bakı, 8 aprel, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin güləşçilərimizi qəbul etməsi bizə çox qürurverici anlar yaşatdı. Bu, idmançılarımızın gələcək yarışlarda daha böyük qələbələr qazanması üçün böyük stimuldur.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində yunan-Roma güləşi üzrə Olimpiya çempionu Fərid Mansurov deyib.

O, qeyd edib ki, güləşçilərimiz daha bir tarixi nəticəyə imza atıblar. Budapeştdə keçirilmiş Avropa çempionatında 16 medal qazanan pəhləvanlarımız bütün sahələrdə sürətli inkişafı ilə dünyaya səs salan Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırıblar.

Dövlətimizin başçısı güləşçilərlə görüşündə böyüklər arasında öz gücümüzü hər dəfə təsdiqlədiyimizi, bununla da, həm ölkəmizin idman şöhrətinin və bütövlükdə nüfuzunun artdığını bildirərək vurğulayıb ki, həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətimizdir və bu, onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir.

Olimpiya çempionu idman ictimaiyyəti, bütövlükdə xalqımızın güləşçilərimizin əldə etdikləri bu böyük nailiyyətə görə fəxarət hissi keçirdiklərini vurğulayıb: “Xalqımız əmindir ki, pəhləvanlarımız mübarizə meydanına məhz qalib xalqın məğlubedilməz igidləri kimi çıxıblar. 44 günlük şanlı Vətən müharibəsi gənclərimizdə torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi və ilahi güclə silaha sarılaraq müqəddəs Vətən torpaqlarını mənfur düşmənin tapdağı altından azad etdi, üçrəngli bayrağımızı yüksəklərdə dalğalandırdılar. Dövlətimizin başçısının qeyd etdiyi kimi, 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir. İdmanın inkişafı və nailiyyətlərimiz təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə aparırdı. Bu gün gənclərimiz məhz bir amal uğrunda – doğma Azərbaycanımızın daha da güclənməsi, inkişafı və yüksək zirvələrə ucalması naminə çalışırlar. Prezident İlham Əliyev güləşçilərlə görüşdə idman yarışlarında qələbədən də vacib olan feyr-pley anlayışının unudulmamasının vacibliyini vurğulayıb. Xalqımızın Qarabağ məsələsini öz əməyi, gücü, zəkası ilə həll etdiyini və idmançılarımızın bu prinsiplərə həmişə əməl etməli olduqlarını tövsiyə edib”.

F.Mansurov bu gün Azərbaycanda hərtərəfli inkişaf etmiş gənc nəslin yetişməsi üçün geniş imkanın yaradıldığını vurğulayıb: “Yeniyetmə və gənclərimizin fiziki və mənəvi cəhətdən sağlam yetişməsi üçün Azərbaycanda hər bir şərait yaradılıb. Şübhəsiz, idmançılarımızın beynəlxalq arenalarda yüksək səviyyədə çıxışları idmana dövlət tərəfindən göstərilən diqqətlə bağlıdır. Bütün sahələrdə hərtərəfli inkişafı ilə seçilən doğma Vətənimizdə idmançıların böyük qələbələr qazanmaları üçün geniş imkanlar var. İdmançılarımız beynəlxalq arenalarda böyük nailiyyətlər əldə edir, medallarla Vətənə qayıdırlar. Düşünürəm ki, yeniyetmə və gənclər arasında müxtəlif idman növləri üzrə güclü potensiala malik atletlərimiz yetişir, rəqabət artır. Azərbaycan komandasını daha parlaq nailiyyətlər gözləyir. Dövlətin diqqət və qayğısına cavab olaraq idmançılarımızın gələcəkdə daha böyük zirvələr fəth edəcəklərinə əminik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.