İDMAN
Olimpiya çempionunun qızı Avropa Oyunlarının çempionu oldu
































Bakı, 19 iyun, AZƏRTAC
İyunun 19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə fərdi təsnifat yarışları keçirilib. Yarışlarda halqa, top, gürz və lent ilə hərəkətlər təqdim olunub.
AZƏRTAC xəbər verir ki, yarışların qalibi Rusiya gimnastı Yana Kudryavtseva (76.100) olub. İkinci yeri də onun həmyerlisi Marqarita Mamun (75.650) tutub. Belarus idmançısı Melitina Stanyuta (73.100) bürünc medala sahib olub.
Qaliblərə medalları Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki təqdim edib.
Azərbaycan təmsilçiləri Marina Durunda yarışları 69,850 xalla səkkizinci, Ayşən Bayramova isə 66,400 xalla on beşinci yerdə başa vurublar.
Dünya və Avropa çempionatlarının qalibi Yana üzgüçülük üzrə Olimpiya çempionu Aleksey Kudryavtsevin qızıdır. O, 1997-ci ildə Moskvada dünyaya gəlib. İdman karyerasına 6 il əvvəl başlayıb. 2014-cü ildə Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında çoxnövçülük üzrə qızıl medala sahib olub.