CƏMİYYƏT


Olimpiya və dünya çempionu ilə Xəzər rayonunun idman ictimaiyyəti və könüllülərinin görüşü təşkil olunub

Bakı, 15 sentyabr, AZƏRTAC 

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, Olimpiya və dünya çempionu Fərid Mansurovun Xəzər rayonunun idman ictimaiyyəti və könüllüləri ilə görüşü olub.

“Azərbaycan İdman Könüllüləri” İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev Azərbaycanda könüllülər hərəkatının əhəmiyyətini, könüllülərin idmanın inkişafına verdiyi töhfələri vurğulayıb. Qeyd edib ki, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin yaranması gənclər üçün yeni imkanlar açacaq, idarənin fəaliyyətində idman könüllülərinin xidmətlərindən daha geniş istifadə olunmasına şərait yaradılacaq.

Sonra tədbir iştirakçılarına İctimai Birliyin fəaliyyəti haqqında təqdimat videoçarxı nümayiş etdirilib. “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin sədri Miraqil Seyidzadə çıxış edərək təşkilatın yaranmasının gənclər üçün yeni bir platforma olmasını və bu işdə gənclərin üzərinə böyük vəzifələrin düşdüyünü qeyd edib. Təşkilatın fəaliyyət istiqamətləri haqqında gənclərə məlumat verən M.Seyidzadə bunlardan birinin Azərbaycan bayrağını dünyanın tanınmış idman arenalarında dalğalandıran Olimpiya və dünya çempionları, yüksək nailiyyətlər qazanmış idmançılar ilə könüllülərin görüşlərinin təşkili olduğunu qeyd edib. O, gənclərin idmana olan marağının artmasını, idman könüllülüyünün gənclərin peşəkar inkişafına ciddi təsir göstərdiyini vurğulayıb.

Könüllülərlə təəssüratlarını paylaşan Olimpiya və dünya çempionu Fərid Mansurov Xəzər rayonunun onun həyatında özünəməxsus yeri olduğunu, uşaqlıq və yeniyetməlik dövrünün, idmanda atdığı ilk addımların bu rayonla bağlı olmasını qeyd edib. O, həmçinin Olimpiya zirvəsinə gedən yoldakı çətinlikləri, idman həyatında olan maraqlı anları idmançı və könüllülərlə bölüşüb. F.Mansurov gənclərə idmanla məşğul olmağın və sağlam həyat tərzi sürmənin əhəmiyyətini tövsiyə edərək pis vərdişlərdən uzaq sağlam vətəndaş kimi formalaşıb vətənimizin keşiyində durmağı arzu edib. Olimpiya çempionu qazandığı uğurlarla bağlı tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Görüşdə iştirak edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov rayonun sosial-iqtisadi inkişafı barədə danışıb. O, idmanla məşğul olmağın faydaları barədə maraqlı fikirlərini bölüşüb.

Sonda Xəzər Rayon Gənclər və İdman İdarəsi ilə “Azərbaycan İdman Könüllülüləri” İctimai Birliyi arasında birgə əməkdaşlığa dair saziş imzalanıb. Sənədi imzalayan Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev və İctimai Birliyin sədri Miraqil Seyidzadə sazişin yaradacağı imkanlardan danışıblar. Bu sazişin əsasında qurulacaq əməkdaşlığın ölkəmizdə könüllülük hərəkatının inkişafına təkan verəcəyi və gənclərə yeni imkanlar yaradacağı qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.