İDMAN


Olimpizmin sönməz məşəlı: Baron Pyer de Kuberten

Bakı, 13 yanvar, AZƏRTAC

Müasir Olimpiya Hərəkatının banisi Baron Pyer de Kubertenin cəsədi Cenevrədə dəfn edilib, ürəyi isə öz vəsiyyəti ilə Yunanıstanda qədim Olimpiya Stadionunun yaxınlığında basdırılıb. Hər il müxtəlif millətlərdən olan minlərlə insan Kubertenin ürəyinin basdırıldığı bu yeri ziyarət edir, onun xatirəsinə ehtiramını bildirir.

AZƏRTAC İdman Mədəniyyəti və Maarifçiliyinə Dəstək İctimai Birliyinin sədri, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Səlhət Abbasovanın Baron Pyer de Kubertenin 155 illik yubileyinə həsr olunmuş qeydlərini və onun “İdmana qəsidə”sini təqdim edir.

Bu il bəşər tarixində böyük iz qoymuş, Müasir Olimpiya Oyunlarının banisi, Olimpiya fəlsəfəsinə yeni ümumbəşəri əhəmiyyət gətirmiş, dünyada milyonlarla insanı, mədəniyyətləri bir araya gətirən, idmanın insan cəmiyyəti üçün əvəzedilməz vasitə kimi gündəmdə qalmasında mühüm rolu olan fransız ziyalısı Baron Pyer de Kubertenin 155 illik yubileyi qeyd edilir. O, 1863-cü il yanvarın 1-də Parisdə doğulub.

Kubertenin “İdmana qəsidə” əsəri müəllifin Olimpizmə şəxsi baxışlarını dolğun şəkildə əks etdirir. Olimpizm vasitəsilə beynəlmiləlçiliyi, şovinizmdən uzaq millətçilik ideyalarını daim dəstəkləyən Kuberten sülh maariflənməsi məsələsində yalnız nəzəri biliklərin şəxsi təcrübə ilə müşayiət olunduğu halda effekt verəcəyinə inanırdı. Bu baxımdan o, olimpiyaçıları sülh səfirləri kimi görürdü.

Olimpiya Xartiyasının doqquz fundamental prinsiplərinin ikisi (Maddə 3 və Maddə 6) bilavasitə sülh yaratmağa, onu təbliğ etməyə, Olimpizmin sülh maarifçiliyinə xidmət edir. Olimpiya simvolu olan beşrəngli, birləşmiş halqalar da müxtəlif qitələrdəki dövlətlərin və millətlərin birliyinin rəmzidir.

Cəmiyyət, etik normalar, dünya siyasəti durmadan dəyişir və inkişaf edir, sülh idealları təəssüf ki, hətta Olimpiya Oyunları zamanı da diqqətdən kənarda qalır. Lakin Olimpiya Xartiyasında əks olunan əsas prinsiplər və Kubertenin fəlsəfi düşüncəsi bu gün də aktuallığı saxlayır.

Beynəlxalq Olimpiya Hərəkatının Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığı sülhün hər iki təşkilat üçün prioritet olduğunu göstərir. BMT-nin keçmiş baş katibi Kofi Annan deyirdi: “Olimpiya idealları, həmçinin BMT-nin ideallarıdır: tolerantlıq, bərabərlik, ədalətli oyun və ən ümdəsi birgə sülh məsələsi. Olimpiya Hərəkatı və BMT qalib komanda ola bilər. Yalnız bu yarışda qələbə asan olmayacaq”.

Qeyd edək ki, XIX əsrin sonlarında Avropada, o cümlədən Fransada sülh hərəkatı ətrafında artan fəallıq və təşkilatlanma, o cümlədən Parlamentlərarası Birlik (1889) və Beynəlxalq Sülh Bürosunun yaradılması (1891) Beynəlxalq Olimpiya Komitəsinin təsis olunmasına və formalaşmasına təsir edən amillərdəndir. 1894-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin təsis konqresinin fəxri üzvlərinin əksəriyyəti Milli Sülh Hərəkatının üzvləri idi və onlardan beşi sonralar Nobel sülh mükafatlarına layiq görülmüşdülər.

Olimpiya Oyunları bütün dövrlərdə milyonlarla insanı əhatə edib. İndiyədək planetimizdə 31 Yay Olimpiya Oyunları, 22 Qış Olimpiya Oyunları, 15 Paralimpiya Oyunları, 12 Qış Paralimpiya Oyunları və Gənclərin 3 Olimpiya Oyunları keçirilib. Bu tədbirlər iştirakçı və izləyicilərin düşüncəsinə bəşəriyyətin birliyi, sülhün vacibliyi haqqında azacıq da olsa təsir göstəribsə, Kuberten fəlsəfəsinin möhtəşəmliyi alqışa layiqdir.

2018-ci ildə Cənubi Koreyada XXIII Qış Olimpiya Oyunları və XIII Qış Paralimpiya Oyunları təşkil ediləcək. Dünya ictimaiyyəti bu yarışların siyasi-hərbi qarşıdurma vəziyyətində olan Koreya yarımadasında gərginliyin azaldılmasına göstərdiyi təsiri maraqla izləyir. Demək olar ki, beynəlxalq aləmdən tam təcrid olunmuş KXDR idmançılarının bu yarışlarda mümkün iştirakı barədə xəbər sevinclə qarşılanır. Bu, Olimpizmin daha bir uğuru hesab edilə bilər.

Ötən il Beynəlxalq Olimpiya Komitəsinin müasir Olimpiya Oyunları banisinin vətəni Fransanın 2024-cü ildə altıncı dəfə Olimpiya Oyunlarının ev sahibi seçilməsinə dair qərarı da Pyer de Kubertenin 155-ci ildönümünə böyük hədiyyədir.

Böyük mütəfəkkir təhsil, tarix, ədəbiyyat və sosiologiyaya dair dəyərli elmi əsərlər yazaraq çoxşaxəli fəaliyyət göstərsə də, bütün qəlbi ilə Olimpiya Hərəkatına bağlı idi. 1937-ci ildə vəfat edən Baron Pyer de Kuberten Cenevrədə dəfn olunur, ürəyi isə öz vəsiyyətinə əsasən bədənindən ayrılaraq Yunanıstanda qədim Olimpiya Stadionunun yaxınlığında basdırılır.

Böyük ictimai xadim Baron Pyer de Kubertenin “İdmana qəsidə”sini AZƏRTAC-ın oxucularına təqdim etmək istəyirəm. Bu əsər 1912-ci ildə V Stokholm Olimpiadasında ədəbiyyat müsabiqəsində qızıl mükafata layiq görülüb.

Ah İdman, sən – Tanrılardan gələn Həzsən, Həyatın Cövhərisən!

Sən, insanlığın hələ gülümsədiyi, izi silinmiş əsrlərin nurani bir elçisitək, müasir dünyanın ağır əməklə qovrulduğu bir zamanda peyda oldun. Bununla bir sübh şəfəqi dağların zirvəsini, hündür meşələr altında yatan torpağı nura qərq etdi.

Ah İdman, sən Gözəlliksən!

Sən insan bədəni adlanan bir orqanizmin memarısan, o, çirkin ehtiraslar, yaxud sağlam səylərin istifadə edilməsindən asılı olaraq, miskin və ya əzəmətli olar. Tarazlıq və nisbətliyi saxlamadan heç bir gözəllik ola bilməz və sən hər ikisinin əvəzsiz ustasısan. Sən harmoniya yaratmaq üçün hərəkətə ritm verir, gücü zərifləşdirir, elastikliyə qüvvət verirsən.

Ah İdman, sən Ədalətsən!

İnsanlar öz ictimai qurumlarında ona nail olmaq üçün nəticəsiz səylər göstərdikləri halda, mükəmməl ədalət sənin daimi yoldaşındır. Kimsə bacardığından zərrə qədər yüksək tullanmaz, kimsə qaça bildiyindən bir an belə tez qaçmaz. Hər bir kəsin uğur həddi, müstəsna olaraq fiziki və mənəvi gücünün birliyi ilə müəyyənləşir.

Ah İdman, sən Hünərsən!

Bütün əzələ səyləri bir mənada “cəsarət” sözü ilə ifadə edilə bilər. Nədir əzələnin faydası? Güc və çeviklik hissləri nə qədər yaxşıdır? Əgər bunlar cəsarət üçün deyildirsə, onların inkişafı nəyə gərəkdir? Yalnız, ruhlandırılan bu cəsarətin bir macəra axtaranın təsadüfi, düşüncəsiz davranışı ilə heç bir əlaqəsi yoxdur. Bu, ehmalla düşünülmüş bir cürətdir.

Ah İdman, sən Şərəfsən!

Əgər qazandığınız mükafatlar mükəmməl bir ədalət və tərəfsizlik şəraitində əldə edilməmişsə, onların heç bir dəyəri yoxdur. Kimsə bir hiylə ilə rəqibinə qalib gələrsə, o, bu rüsvayçı hərəkətin, layiqsiz qənimətin ifşa olunacağı və adı üzərində bir ləkə qalacağından daim qorxar.

Ah İdman, sən Sevincsən!

Sənin çağırışınla vücud bayram edir, gözlər isə gülümsəyir, qan damarlarda bolluca dövran edir, düşüncələr, üfüqdə daha aydın və parlaq sayrışır. Sən hətta kədərli olan kəsləri qüssə-qəmdən yayındırmağa qadirsən, əgər xoşbəxtlik zamanıdırsa həyatdan bütün dolğunluğu ilə zövq almağa imkan yaradırsan.

Ah İdman, sən Məhsuldarsan!

Sən birbaşa və nəcib vasitələrlə bəşəriyyəti təkmilləşməyə sövq edir, insanın təməl təmizliyinə təhlükə yaradan xəstəlik toxumlarını məhv etməyə və qüsurları düzəltməyə çalışırsan. Sən idmançını onun uğurlarını aşan, yüksək qələbə və ən şanlı kubokları qazana bilən, çevik və güclü nəslin böyüməsini görmək arzusu ilə coşdurursan.

Ah İdman, sən Tərəqqisən!

Sənin xidmətində insan özünü həm fiziki, həm də ruhən inkişaf etdirir. Sən ciddi intizama riayəti, artıq olan hər şeydən çəkinməyi tələb edirsən. Sən sağlamlığa təhlükə yaratmadan yüksək səylə çalışmaq üçün müdrik qaydalar öyrədirsən.

Ah İdman, sən Sülhsən!

Sən insanlar arasında xoş münasibətlər yaradır, onları nəzarətli, mütəşəkkil və intizamla güclənmiş ortaq bir mühitdə birləşdirirsən. Dünya gənclərinin səndən öyrəndiyi qarşılıqlı hörmət milli müxtəliflikləri səxavətlilik mənbəyi və dost rəqabətinə çevirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.