İDMAN
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
Bakı, 20 aprel, AZƏRTAC
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi münasibətilə Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə idman ictimaiyyətinin nümayəndələri və Aprel şəhidlərinin ailə üzvləri iştirak ediblər.
Əvvəlcə jurnalın on illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Videoçarxda “Olimpsport” jurnalının təbliğ etdiyi idman və Olimpiya hərəkatına dair görüntülərlə yanaşı, cəmiyyətdə nüfuz sahibi olan tanınmış şəxslərin bu nəşr barədə fikirləri əks olunub.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxışında ölkəmizdə idmanın inkişafının təbliğində “Olimpsport” jurnalının rolundan danışıb. O, idman jurnalistikasının inkişafında səmərəli fəaliyyətinə görə və on illik yubiley münasibətilə jurnalın baş redaktoru Ramin Allahverdiyevə diplom təqdim edib.
“Olimpiya dünyası” qəzetinin baş redaktorunun müavini, Əməkdar jurnalist Aslan Şirəliyev, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, I-S dərəcəli beynəlxalq hakim Hicran Şərifov və Azərbaycan Voleybol Federasiyasının baş katibi Elşən İsmayılov “Olimpsport” jurnalının rəhbərliyi və yaradıcı heyəti barədə fikirlərini bölüşüb, yubiley münasibətilə təbriklərini çatdırıblar.
Jurnalın baş redaktoru, sərbəst güləş üzrə Əməkdar məşqçi, fəxri bədən tərbiyəsi və idman işçisi Ramin Allahverdiyev tədbirdə iştirak edən qonaqlara minnətdarlığını bildirib.
Sonra Azərbaycan Mətbuat Şurasının, “Olimpiya dünyası” qəzetinin və “Olimpsport” jurnalının birgə keçirdiyi sorğu nəticəsində “Son 10 ilin ən yaxşıları” nominasiyası üzrə nəticələr açıqlanıb.
Müxtəlif nominasiyalar üzrə “Qızıl 10-luq”da yer alan şəxslərə mükafatlar təqdim olunub. Jurnalın baş redaktoru Ramin Allahverdiyevin təşəbbüsü ilə son on ilin ən yaxşı dünya çempionu nominasiyası üzrə mükafata bu ay Avropa çempionu olan və qələbəsini Aprel şəhidlərinə həsr edən Hacı Əliyev layiq görülüb. Üçqat Avropa və dünya çempionuna mükafatı şəhid Mahir Quliyevin atası Qədir Quliyev təqdim edib.
Tədbir bədii hissə ilə başa çatıb.