ELM VƏ TƏHSİL
Ölkə alimlərinin həmmüəllifliyi ilə “Azərbaycan iqtisadiyyatı” kitabı Bolqarıstanda çapdan çıxıb
Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Marketinq kafedrasının müdiri dosent Elmira Qocayeva, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Fərhad Rəhmanov və Bakı Mühəndislik Universitetinin (BMU) elmi işlər üzrə prorektoru dosent Elçin Süleymanovun həmmüəllifi olduğu “Azərbaycan iqtisadiyyatı” kitabı Bolqarıstan Veliko Turnovo Universitetinin Elmi şurasının qərarı ilə çapdan çıxıb.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, “Azərbaycan iqtisadiyyatı” kitabının nəşrində başlıca məqsəd xarici oxucu auditoriyasına ölkəmizin sosial-iqtisadi perspektivlərini və qazandığı uğurları çatdırmaqdır. Kitabda “Cənub Qaz Dəhlizi”, “Şahdəniz-2” layihələri, eləcə də Azərbaycanın iqtisadi inkişafına dair dövlət proqramlarının icrası, beynəlxalq reytinqlərdə təmsil olunması və sair məsələlər əksini tapıb.
Kitabdakı “Regional inkişaf”, “Sənaye, aqrosənaye kompleksi”, “Yanacaq-enerji kompleksi”, “Sənaye infrastrukturu, maliyyə siyasəti və maliyyə sistemi”, “Sosial sahə və sosial siyasət”, “Turizm və idmanın inkişafı”, “Elm və innovasiya”, “Yerli idarəetmə sistemi”, “Xarici iqtisadi rabitə və iqtisadi təhlükəsizlik”, “Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti və ətraf mühitin qorunması vəziyyəti” fəsillər analitik təhlil baxımından diqqət çəkəndir.
“Azərbaycan iqtisadiyyatı” kitabı müvafiq ali məktəb tələbələri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və tədqiqatçılar üçün nəzərdə tutulub. Yeni nəşrin elektron resurs bazasında yerləşdirilməsi qərara alınıb.