İDMAN
Ölkə çempionu “Bakı” həndbol komandası növbəti qələbəsini qazanıb
Bakı, 29 oktyabr, AZƏRTAC
Kişi həndbolçuların Azərbaycan çempionatında ikinci turunun oyunları keçirilib.
AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, “Məhsul” kollektivi ilə U-16 komandasının görüşündə nominal meydança sahiblərinin imkanları daha yüksək qiymətləndirilirdi. Mülahizələri doğruldan “Məhsul” çempionata daha çox təcrübə toplamaq məqsədi ilə qatılan rəqibi üzərində inamlı qələbə qazanıb – 34:15.
Yarışın əsas favoriti sayılan “Bakı” da turu qələbə ilə başa vurub. Ölkə çempionu bu dəfə “Təhsil” komandası ilə qarşılaşıb. Gözlənildiyi kimi “Bakı”nın üstünlüyü şəraitində keçən oyun 32:23 hesabı ilə nəticələnib.