CƏMİYYƏT
Ölkə ərazisində hava şəraiti nisbətən sərinləşəcək
Bakı, 4 iyul, AZƏRTAC
Azərbaycanda iyulun 5-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27°, günün birinci yarısında 39-41°, ikinci yarısında 34-37° isti, Bakıda gecə 25-27° isti, hərarətin günün birinci yarısında 41°-dək yüksələcəyi, ikinci yarısında isə 34-36° isti olacağı proqnozlaşdırılır. Atmosfer təzyiqi normadan aşağı - 755 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 40-50 faiz təşkil edəcək.
Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun hərarəti 28-29°, cənub çimərliklərində isə - Türkan, Hövsan, Sahil və Şıxda 29-30° isti olacaq. Şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək.
Abşeron çimərliklərində davam edən anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında - 11:00-dan 17:00-dək uzun müddət Günəş şüalarının birbaşa təsiri altında olmaq risklidir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyulun 5-i axşamadək Abşeron yarımadasında qızmar temperatur diskomfortunun davam edəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə risklidir. Açıq havada uzun müddət qalmaq tövsiyə olunmur.
Xəbərdarlığa əsasən, bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra iyulun 5-i axşamdan 9-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu tədricən 4-6° enəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi ehtimalı var, lakin axşam Böyük Qafqazın bəzi dağlıq yerlərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 22-27°, gündüz 37-42° isti, dağlarda gecə 18-23°, gündüz 28-33° isti olacağı bildirilir.
Naxçıvan Muxtar Respublikasında hava günəşli olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 37-42° isti olacağı bildirilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava günəşli olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18- 22°, gündüz 28-33° isti olacağı ehtimal edilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava günəşli olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 35-40° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40° isti, dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacağı proqnozlaşdırılır.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava günəşli olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 22-27°, gündüz 37-42° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava günəşli olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 24-27°, gündüz 34-39° isti, dağlarda gecə 18-23°, gündüz 30-34° isti olacağı bildirilir.
Sinoptiklərin xəbərdarlığına görə, bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra iyulun 5-i gündüzdən 9-dək qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu tədricən 3-5° enəcək. Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın olacağı proqnozlaşdırılır.