İQTİSADİYYAT
Ölkə səviyyəsində keçirilən sığorta maarifləndirilməsi layihəsinin ilkin mərhələsi yekunlaşıb
Bakı, 15 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB), Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və İcbari Sığorta Bürosu (İSB) arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində ölkə səviyyəsində təşkil olunmuş təbliğat və maarifləndirmə layihəsinin birinci mərhələsi uğurla başa çatıb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, ilk mərhələdə ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri və sosial media kanalları vasitəsilə aparılan maarifləndirmə kampaniyasında əhalidə və biznes dairələrində sığorta sahəsində risk mədəniyyətinin inkişaf etdirilməsi başlıca prioritet olub. Layihə çərçivəsində radio və televiziya kanallarında 60-dan çox maarifləndirici verilişlər təşkil olunub, yazılı mediada isə 90-a yaxın reportaj və xəbərlər dərc edilib. Sığorta sahəsində çox sayda müxtəlif məzmunlu maarifləndirici və təbliğat materialları hazırlanaraq effektiv media kanalları vasitəsilə geniş əhatədə yayımlanması təmin olunub. Şəhərin mərkəzi nöqtələrində yerləşdirilən skroller, tumba, həştaq kimi çöl reklamlarından istifadə edilib, avtobuslarda, taksilərdə və yaşayış binalarının liftlərində reklamlar yerləşdirilib. Nəticədə əhali və biznes dairələrinə onların üzləşdiyi risklər, risklərin yarada biləcəyi itkilərin qarşısının alınmasında sığortanın faydasına dair maarifləndirici mesajlar verilib. Kommunikasiya materialları təxminən 4 milyon baxış əldə edib.
Layihə çərçivəsində görülən işlər sığorta bazarının artım templərində də özünü göstərməyə başlayıb. 2021-ci ilin yekunlarına əsasən sığorta haqlarının həcmi əvvəlki illə müqayisədə 16 faiz artıb. Sığorta savadlılığının artırılması layihəsi növbəti ildə də davam etdiriləcək, əhaliyə sığorta sinifləri ilə bağlı maarifləndirici məlumatlar ötürüləcək.