CƏMİYYƏT
Ölkə üzrə 4 min 518 nəfərə evdə sosial-məişət xidməti göstərilir
Bakı, 18 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov səyyar sosial-məişət xidməti göstərilən ahıl şəxslə görüşüb.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Cəlilabad şəhərində yaşayan 70 yaşlı Firuzə Məmmədova ailə həyatı qurmayıb. O, bu ildən evdə sosial-məişət xidmətindən yararlanmağa başlayıb.
Agentliyin sədri tənha yaşayan qadının şəraiti ilə maraqlanıb və onun sosial vəziyyətinin hər zaman diqqətdə saxlanılacağını vurğulayıb. O, Sosial Xidmətlər Agentliyinin göstərdiyi xidmətdən razılığını bildirib.
Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin filialları tərəfindən əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara və əlilliyi olan şəxslərə evdə sosial-məişət xidməti göstərilir.
Hazırda agentliyin sosial xidmətçiləri tərəfindən ölkə üzrə 4 min 518 nəfərə evdə sosial-məişət xidməti göstərilir və onlardan 3 min 996 nəfəri ahıl şəxsdir.
Həmin xidmətdən yararlanmaq istəyən imtiyazlı şəxslər yaşadıqları rayon üzrə agentliyin müvafiq filialına yaxud 116123 “Qayğı” Çağrı Mərkəzinə müraciət edə bilərlər.