ELM VƏ TƏHSİL


Ölkədə su təsərrüfatının vəziyyətinin yaxşılaşdırılması sahəsində geniş elmi tədqiqatlar aparılması məsələləri müzakirə edilib

Bakı, 6 avqust, AZƏRTAC

Avqustun 6-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbiri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq gündəlikdəki məsələlərlə bağlı Rəyasət Heyətinin üzvlərinə məlumat verib.

İclasda Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirədə dövlətimizin başçısının çıxışından irəli gələn məsələlərə dair geniş müzakirələr aparılıb.

Mövzu ilə əlaqədar çıxış edən akademik Ramiz Mehdiyev su təsərrüfatının vəziyyətinin yaxşılaşdırılması barədə Azərbaycan alimlərinin təkliflərinin hazırlanmasını yüksək dəyərləndirib. Bu istiqamətdə fundamental tədqiqatların genişləndirilməsinə ehtiyac olduğunu deyən AMEA-nın prezidenti tezliklə su obyektləri, meliorasiya və suvarma sistemləri barədə rəqəmsal kadastr xəritəsinin hazırlanmasının, mütəmadi monitorinqlərin aparılmasının, su təhlükəsizliyi ilə bağlı yarana biləcək problemlərin əvvəlcədən müəyyənləşdirilərək aradan qaldırılması yollarına dair elmi əsaslandırılmış təkliflər hazırlanmasının vacibliyinə toxunub. Akademik Ramiz Mehdiyev, həmçinin yaxın keçmişdə respublikada kəhriz sularından istifadənin geniş vüsət aldığını xatırladıb, bu sahədə tədqiqatların zəruriliyini diqqətə çatdırıb.

Məsələ ilə bağlı AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli, İbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər Tofiq Nağıyev, Dilqəm Tağıyev, Rasim Əliquliyev, İradə Hüseynova və akademik-katib, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək fikir və təkliflərini söyləyiblər.

Rusiya, Ukrayna və İsrailin təcrübəsinin öyrənildiyini bildirən alimlər su probleminin həllində Azərbaycan alimlərinin iştirakı ilə müasir texnologiyalardan istifadənin, ölkəmizin su ehtiyatlarının və suya olan tələbatının müəyyənləşdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Bundan əlavə, kimyaçı alimlərimiz tərəfindən respublikanın su anbarlarında geniş müşahidə və monitorinqlər aparıldığını və hazırlanmış hesabatların müvafiq dövlət qurumlarına göndərildiyi vurğulanıb. Eyni zamanda, regionların ekoloji yüklənməsi istiqamətində kompleks tədqiqatlara ehtiyac olduğu bildirilib, quraqlığa davamlı və şoran torpaqlarda becərilən buğda sortları və digər bitki növlərinə dair tədqiqatların genişləndirilməsi tövsiyə edilib.

Müzakirələr nəticəsində AMEA-da su təsərrüfatının vəziyyətinin yaxşılaşdırılması üzrə tanınmış alimlərdən ibarət İşçi Qrupunun yaradılması qərara alınıb.

İclasda, həmçinin AMEA-nın prioritet istiqamətlərilə bağlı hazırlanmış təkliflərin elmi bölmələrdə müzakirələr edilərək müəyyənləşdirilməsinə qərar verilib.

Sonda gündəlikdə duran digər məsələlərə baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.