MƏDƏNİYYƏT


Ölkədəki mehmanxanaların gəlirləri azalıb

Bakı, 27 yanvar, AZƏRTAC

Ölkədəki mehmanxanaların gəlirləri azalıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, 2020-ci ilin mart ayından başlayaraq bu sahədə ciddi tənəzzül davam edib. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar turizm infrastrukturunun əsas elementlərindən olan mehmanxana və mehmanxana tipli müəssisələrin göstəricilərində geriləmə qeydə alınıb, 2020-ci ildə ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2019-cu illə müqayisədə 3,3 dəfə azalaraq 999,8 min olub.

2020-ci ildə mehmanxanalarda keçirilmiş gecələmələrin 58 faizi Bakıda, 9,7 faizi Qəbələdə, 5,5 faizi Qusarda, 4,1 faizi Qubada, 3,2 faizi Lənkəranda, 3,1 faizi Naftalanda, 2,4 faizi Naxçıvan Muxtar Respublikasında, 1,9 faizi Şabranda, 1,2 faizi Mingəçevirdə, hər birində 0,9 faiz olmaqla Gəncə, Xaçmaz, Qax və Şamaxıda, hər birində 0,7 faiz olmaqla Masallı və Zaqatalada, 5,9 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2019-cu illə müqayisədə 5,4 dəfə azalaraq 416,7 min olub ki, bu da ümumi gecələmələrin 41,7 faizini təşkil edir. Gecələmələrin 14,4 faizi Rusiya Federasiyası, 9,2 faizi Səudiyyə Ərəbistanı, 9,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 8,7 faizi Türkiyə, 6,5 faizi Böyük Britaniya, 5,6 faizi Hindistan, 4,1 faizi Küveyt, 3,5 faizi İsrail, 2,8 faizi İran, 2,3 faizi ABŞ, 2 faizi İtaliya, 1,9 faizi Almaniya, 1,7 faizi Qətər, 1,4 faizi İraq,1,4 faizi Qazaxıstan, 1,3 faizi Pakistan, 1,3 faizi Ukrayna, 1,1 faizi Belarus, 0,9 faizi Gürcüstan, 20,7 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb. Qeyd etmək lazımdır ki, 2020-ci ilin aprel-dekabr aylarında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəmizə əsasən qeyri-turizm məqsədilə səfər ediblər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 78 faizi Bakıda, 6,1 faizi Qusarda, 4,8 faizi Qəbələdə, 3,7 faizi Naftalanda, 3,4 faizi Naxçıvan Muxtar Respublikasında, 2,1 faizi Qubada, 1,9 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır. Azərbaycan Respublikası vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2019-cu illə müqayisədə 1,9 dəfə azalaraq 583,1 min olub.

2020-ci ildə mehmanxanaların gəlirləri 2019-cu illə müqayisədə 3,9 dəfə azalaraq 116,8 milyon manat olub ki, onun da 60,2 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 29,0 faizi ictimai iaşə xidmətlərindən, 2,5 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,3 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Ötən il mehmanxanaların birdəfəlik tutumundan istifadə 6,5 faiz səviyyəsində olmuşdur (2019-cu ildə 22,1 faiz). Bu göstərici Beyləqanda 23 faiz, Şabranda 15,5 faiz, Naftalanda 13,7 faiz, Qəbələdə 11,2 faiz, Bakıda 9,6 faiz, Göyçayda 9,6 faiz, Şəmkirdə 9,1 faiz, Qubada 8,8 faiz, Biləsuvarda 8,5 faiz, Lənkəranda 8,3 faiz, Qusarda 7,9 faiz, Sabirabadda 7,3 faiz, Kürdəmirdə 7,0 faiz, Şirvanda 6,7 faiz, digər rayon və şəhərlərdə isə ölkə üzrə orta göstəricidən aşağı olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.