İQTİSADİYYAT


Ölkələrarası hesabatın vergi orqanına təqdim edilməsi qaydası hazırlanıb

Bakı, 21 iyun, AZƏRTAC

Məlum olduğu kimi, Azərbaycan Respublikasında Ölkələrarası Hesabatlılıq üzrə tələblər 2020-ci il yanvarın 1-dən qüvvəyə minib. “Ölkələrarası hesabat” - Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətin səlahiyyətli orqanları ilə avtomatik məlumat mübadiləsini həyata keçirmək üçün transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə tərəfindən təqdim edilən hesabat formasıdır.

Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən AZƏRTAC-a verilən məlumata görə, qeyd olunan mübadilənin aparılması üçün ilkin olaraq qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilib. Bu dəyişikliklərdən sonra, Dövlət Vergi Xidməti tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2020-ci il 28 aprel tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasının rezidenti olan müəssisənin hesabatının vergi orqanına təqdim edilməsi müddəti, forması və qaydası” hazırlanıb.

Bu Qaydalara əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən və maliyyə ilində məcmu gəliri 750 milyon avronun manat ekvivalentindən çox olan, transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycanın rezidenti olan müəssisə transmilli şirkətlər qrupunun həmin maliyyə ilinə dair ölkələrarası hesabatını Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomatlaşdırılmış məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə vergi orqanına təqdim etməlidir.

Azərbaycan Respublikasının rezidenti olan və transmilli şirkətlər qrupuna daxil olan əsas müəssisə, müvəkkil müəssisə və ya qrupdaxili müəssisə hesabat verilən ilin iyunun 30-dək müvafiq bildirişi vergi orqanına təqdim etməlidir. Ölkələrarası hesabat isə vergi orqanına hesabat verilən ilin, yəni transmilli şirkətlər qrupunun maliyyə ilindən sonrakı 12 ayın sonuna qədər təqdim edilir.

Transmilli şirkətlər qrupunun üzvünü təmsil edən rəhbər şəxs və onun tərəfindən müəyyən edilən səlahiyyətli şəxs müvafiq hesabatı və bildirişin təqdim edilməsi üçün “ASAN imza” vasitəsilə maliyyə institutlarında vergi monitorinqi və ölkələrarası hesabatın verilməsi üzrə portala inteqrasiya edilmiş və artıq istifadəyə verilmiş müvafiq platformaya (https://cbcr.tmfi.gov.az/login) qoşularaq ölkələrarası hesabatın təqdim edilməsini həyata keçirə bilərlər.

İstifadəçilər adıçəkilən platformaya giriş zamanı “Əsas səhifə” hissəsində hesabatın verilməsi üçün hazırlanmış “İstifadəçi təlimatı” və “Tez-tez verilən suallar” bölməsi ilə tanış ola bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.