MƏDƏNİYYƏT
Ölkəmiz 2023-2027-ci illərdə ÜTT-nin İcraiyyə Şurasında təmsil oluna bilər
Bakı, 8 dekabr, AZƏRTAC
Yaxın Şərq, MDB regionu, Cənubi Asiya və eləcə də Avropa bazarlarında geniş təbliğat fəaliyyətimiz, sərgilərdə, seminarlarda və bu kimi tədbirlərdə iştirakımız öz müsbət nəticələrini göstərməkdədir. İkitərəfli turizm əlaqələrimizin inkişafı üçün müxtəlif dövlətlərlə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi məqsədilə sazişlər, müqavilələr, anlaşma memorandumları bağlayırıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Azərbaycan Turizm Sammiti 2022”də səsləndirib.
Qeyd edib ki, ötən ildən İsraildə Azərbaycanın rəsmi turizm nümayəndəliyi fəaliyyətdədir və ikitərəfli turizm əlaqələrimiz inkişaf etməkdədir:
“Yaxın günlərdə Yaponiya ilə turizm sahəsində anlaşma memorandumunun imzalanması planlaşdırılır. Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlıq əlaqələrimiz genişlənir.
Bu yaxınlarda ölkəmizin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasında 2023-2027-ci illərdə təmsil olunması üçün namizədliyini vermişik.
Bu kimi beynəlxalq təmsilçilik imkanları ölkəmizin tanıdılması, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi üçün mühüm platformadır”.