MƏDƏNİYYƏT
Ölkəmiz ISESCO mədəniyyət nazirlərinin İslam Konfransının növbədənkənar sessiyasında təmsil olunur
Bakı, 29 noyabr, AZƏRTAC
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev ISESCO mədəniyyət nazirlərinin İslam Konfransının növbədənkənar sessiyasında iştirak məqsədilə Bəhreyn Krallığının Manama şəhərində səfərdədir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sessiya çərçivəsində Bəhreyn Krallığının Muharraq şəhərinin 2018-ci il üçün Ərəb regionu üzrə “İslam Mədəniyyətinin Paytaxtı” kimi qeyd edilməsi ilə əlaqədar təntənəli bağlanış mərasimi keçirilib. Mərasimdə ISESCO-ya üzv ölkələrin mədəniyyət nazirləri, nazir müavinləri, İslam Əməkdaşlıq Təşkilatı, həmin təşkilatın İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (İRCİCA), İCCROM kimi təşkilatların rəhbər şəxsləri iştirak ediblər.
Qeyd edək ki, Naxçıvan şəhəri 2018-ci il üçün Asiya regionu üzrə “İslam Mədəniyyəti Paytaxtı” elan olunmuşdur.
Noyabrın 29-da ISESCO mədəniyyət nazirlərinin İslam Konfransının növbədənkənar sessiyası öz işinə başlayıb. Açılış mərasimindən sonra “Muharraq – İslam Mədəniyyəti Paytaxtı 2018” medalının təqdimatı keçirilib.
Daha sonra İslam dünyasında mədəni inkişaf üzrə Məşvərətçi Şuranın 16-cı sessiyasının hesabatı, Əl Qüds Əl Şərifdə bəşəri və mədəni irsin qorunması məsələsinə beynəlxalq dəstəyin təşviqi üzrə Fəaliyyət Proqramının layihəsi, ekstremizm, sektarianizm və terrorizmə qarşı mübarizə məqsədilə birgə fəaliyyətin gücləndirilməsinə dair “Manama prosesi” layihəsi təsdiq olunub və təşkilata üzv ölkələrin milli hesabatları dinlənilib.