MƏDƏNİYYƏT
Ölkəmiz Moskvada Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının iclasında təmsil olunub



Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Teatr Xadimləri İttifaqı sədrinin vəzifə səlahiyyətlərini icra edən Xalq artisti Hacı İsmayılov Moskvada Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının iclasında ölkəmizi təmsil edib.
AZƏRTAC xəbər verir ki, konfederasiyanın Prezidenti Mixail Şvıdkoyun rəhbərliyi ilə keçirilən iclasa Azərbaycanla yanaşı, Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının digər üzvləri - Rusiya, Moldova, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan və s. ölkələrin Teatr ittifaqlarının nümayəndələri də qatılıblar.
İclasda Konfederasiyaya daxil olan Teatr ittifaqlarının fəaliyyəti məsələlərinə baxılıb, həmçinin beynəlxalq qarşılıqlı əməkdaşlığın inkişafına yönələn təkliflər irəli sürülüb.
İttifaq nümayəndələri A.P.Cexov adına Beynəlxalq Teatr Festivalının açılış mərasimində iştirak ediblər, həmçinin festival çərçivəsində təqdim olunan Argentinanın "Vəhşi tanqo" şousunu (rəqslərin quruluşu Herman Kornexo), Rusiyanın A.S.Puşkin Teatrının "İki ağanın bir nökəri" (Karlo Qaldoni, rejissor Yuri Murovitski) və s. tamaşaları izləyiblər.