MƏDƏNİYYƏT
Ölkəmiz Qazaxıstanda xeyriyyə yarmarkasında təmsil olunub VİDEO
Nur-Sultan, 3 dekabr, AZƏRTAC
Qazaxıstan paytaxtında ənənəvi olaraq Yeni il xeyriyyə sərgi-yarmarkası keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkədə akkreditə olunan diplomatik korpus rəhbərlərinin xanımları klubunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən aksiyada ölkəmizi Qazaxıstandakı səfirliyimiz təmsil edib.
Xeyriyyə yarmarkasında Azərbaycan məhsulları – xalçalar, kəlağayılar, şirniyyatlar, milli suvenirlər, şərablar, nar şirəsi və digər məhsullarımız ən çox diqqət göstərilən və satılan məhsullar sırasında yer alıb. Şəhər sakinlərinə və qonaqlara kulinar nəşrlərimizlə yanaşı, şəkərbura, paxlava və digər şirniyyat növləri, müxtəlif növ çay məhsulları, mürəbbə və kompotlar təqdim olunub.
Qeyd edək ki, sayca on ikinci yarmarkada 53 ölkə təmsil olunub. Diplomatik korpus rəhbərləri xanımlarının klubu xalqlar arasında etimad körpüsünün möhkəmləndirmək və təmsil etdikləri ölkələrin tarixi, mədəniyyəti, coğrafiyası barədə məlumat vermək məqsədilə vaxtaşırı belə aksiyalar təşkil edir. Xeyriyyə sərgi-yarmarkasından əldə edilən gəlirlər ehtiyacı olan uşaq evlərinə göndəriləcək.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan