MƏDƏNİYYƏT


Ölkəmiz Ümumdünya Folklor Birliyinin təşkil etdiyi beynəlxalq festivalda təmsil olunub

Bakı, 1 iyul, AZƏRTAC

Ümumdünya Folklor Birliyi (World Folklore Union IGF) tərəfindən virtual olaraq təşkil edilən beynəlxalq festivala ölkəmiz də qatılıb.

AZƏRTAC xəbər verir ki, ölkəmizi bu festivalda Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi təmsil edib. Festivalın birinci günü elmi-praktik konfrans, ikinci günündə isə milli geyimlərin təqdimat mərasimi baş tutub. Adıçəkilən festivalın konfrans və təqdimat günlərində mərkəzin elmi katibi, Bakı Dövlət Universitetinin müəllimi Cavid Əliyev iştirak edib. Videokonfransın əsas müzakirə mövzusu mövcud pandemiya dövründə beynəlxalq onlayn festivallarının təşkili, dünya ictimaiyyətinə mədəniyyətin dəstəyi ilə yüksək əhval-ruhiyyənin aşılanması, eyni zamanda, hər bir ölkənin milli mədəniyyətinin tanıdılması olub.

Ölkəmiz adından çıxış edən C.Əliyev mədəniyyət sahəsində fasiləsizliyin önəmindən, habelə milli identikliyin qorunması baxımından folklor festivalının əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, respublikamızda hər iki ildən bir milli azlıqların folklor festivalı, habelə xalq teatrlarının müsabiqəsinin təşkili və bu mövzuya uyğun konfranslar keçirilir.

Festivalın 2-ci günündə Azərbaycanın milli geyimi olan Çuxa haqqında videorolik təqdim olunub və bu əlbisə barədə ətraflı məlumat verilib. Çuxanın tarixi, istifadə qaydaları, ilk dəfə hansı əsərlərdə rast gəlinməsi barədə bilgilər festival iştirakçılarının diqqətinə çatdırılıb. Eyni zamanda, Çuxanın hazırkı dövrdə əsasən, milli rəqslərin ifası zamanı istifadə olunduğu vurğulanıb.

Qeyd edək ki, Virtual Beynəlxalq Folklor Festivalının moderator ölkəsi Rumıniya olub. Bu tədbirdə dünyanın bir çox ölkələrindən - o cümlədən Fransa, İtaliya, İspaniya, Türkiyə, Rusiya, Hindistan, Meksika, Ukrayna, Belarus, Polşa, İsrail, Serbiya, Çex Respublikası, Xorvatiya, Yunanıstan, Vyetnam və Kosta-Rikadan nümayəndələr iştirak edib. Məlumat üçün bildirək ki, hazırda növbəti festivala Azərbaycanın ev sahibliyi etməsi ətrafında danışıqlar aparılmaqdadır. Belə ki, 50-dən artıq ölkəni özündə birləşdirən sözügedən beynəlxalq təşkilat beynəlxalq müstəvidə milli adət-ənənələrin təbliği və folklor nümayəndələrin tanıdılmasında böyük nüfuza malik olan legitim təşkilatlardandır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.