SİYASƏT


Ölkəmiz ciddi enerji böhranı ilə üzləşmiş Avropa üçün xilaskara çevrilib

Ölkəmiz ciddi enerji böhranı ilə üzləşmiş Avropa üçün xilaskara çevrilib

Bakı, 4 fevral, AZƏRTAC

Fevralın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası dünyanın diqqət mərkəzində oldu. Bu tədbir Azərbaycanın dünyada artan nüfuzunu nümayiş etdirdi. Tədbirdə iştirakçılığın miqyası, çıxışlarda səsləndirilən müsbət fikirlər deyilənlərin əyani sübutudur. Digər tərəfdən, həmin tədbir bir daha təsdiq etdi ki, Azərbaycan bu gün ciddi enerji böhranı ilə üzləşmiş Avropa üçün xilaskara çevrilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov söyləyib.

2020-ci ildə Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Zəfərin yeni reallıqlar yaratdığını vurğulayan Vüqar İskəndərov deyib: “Həmin reallıqlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artırır. Dünyada baş verən hadisələr fonunda inkişaf etmiş ölkələrin Prezident İlham Əliyev ilə müxtəlif platformalarda keçirilən görüşləri, həmçinin qarşılıqlı səfərlər zamanı səslənən fikirlər ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir. Avropa üçün vacib bir məsələnin üzərində xüsusi olaraq dayanmaq istəyirəm. Söhbət qlobal səviyyədə iqtisadi mənzərənin yenidən formalaşması fonunda Azərbaycanın oynadığı roldan gedir. Daha dəqiq desək, artıq dünya dövlətləri də görür ki, Azərbaycan dünyada baş verən iqtisadi proseslərin müəyyən qədər mərkəzində yer almalıdır. Xüsusilə enerji sahəsində Avropa ölkələrinin Azərbaycana üz tutması əlbəttə başa düşüləndir”.

Deputatın sözlərinə görə, bu gün böhranlı vəziyyətlə üzləşən Avropa özünə alternativ mənbələr tapmaq üçün addımlar atıb. Belə bir vəziyyətdə də sadiq tərəfdaş Azərbaycan bu dövlətlər üçün ən optimal variantdır. Son illərdə Azərbaycanın liderliyi ilə reallaşdırılan layihələr sayəsində regionun və Avropanın enerji xəritəsi əhəmiyyətli dərəcədə yenilənib. Bu baxımdan, Azərbaycanın zəngin “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsinə və Avropa ölkələrinə çatdırılmasına hesablanan Cənub Qaz Dəhlizi müstəsna əhəmiyyət daşıyır. Bəlli olduğu kimi Azərbaycan özünün böyük qaz həcmlərini ixrac etmək və Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr vermək məqsədilə Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb.

“Cənub Qaz Dəhlizi ideyası məhz Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrilməyə başlayıb. Bu iradənin nəticəsi olaraq 10 il əvvəl Azərbaycan və Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzalanıb. Bununla da həmin layihənin icrasının əsası qoyulub. Ötən müddət ərzində Avropa Komissiyası ilə fəal şəkildə əməkdaşlıq edən Azərbaycan bu gün də etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Avropa İttifaqı ilə strateji tərəfdaşlığın gücləndirilməsi, Ursula Fon der Lyayenin səfəri və memorandumun imzalanması, Avropa ölkələrinin Azərbaycana müraciətləri, Prezident İlham Əliyevin Avropa ölkələrinə və Avropa liderlərinin, yüksəkvəzifəli nümayəndələrinin Azərbaycana səfərləri, aparılan danışıqlar, Bolqarıstanda interkonnektorun açılışı, Rumıniyada dördlü sazişin imzalanması deyilənlərin əyani sübutudur”, - deyə Vüqar İskəndərov diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.