CƏMİYYƏT
Ölkəmizdə 1 milyon 313 min nəfər pensiyaçı var
Bakı, 12 aprel, AZƏRTAC
Bu il aprelin 1-nə olan məlumata görə, ölkəmizdə əmək pensiyaçılarının sayı 1 milyon 313 min nəfərə çatır. Onlardan 58,8 faizi yaşa görə, 11,5 faizi ailə başçısını itirməyə görə, 29,7 faizi isə əlilliyə görə pensiya alanlardan ibarətdir.
Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib. Onun verdiyi məlumata görə, ölkəmizdə fəaliyyət göstərən müasir sığorta-pensiya sisteminin yaratdığı imkanlar və həyata keçirilən sosial müdafiə tədbirləri 2018-ci ildə də pensiyalarda artım tempinin davam etməsinə şərait yaradıb.
“Bu ilin yanvar-mart aylarında pensiyaların orta aylıq məbləği ilin əvvəlindəki 208,36 manatdan 2018-ci il aprelin 1-nə 218,03 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 233,68 manatdan 244,36 manata yüksəlib. Bu, isə ötən ilin müvafiq dövrü ilə müqayisədə əmək pensiyalarının orta aylıq məbləğinin 8,8 faiz, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 9,27 faiz artdığını göstərir. Hazırda ölkəmizdə yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə (525,6 manat) nisbəti 46,5 faizdir”, - deyə izahat verən şöbə müdiri onu da əlavə edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə Fonda daxilolmalarda 2018-ci ildə də artımın özünü göstərməsi bu ilin ötən aylarında da hər ay üzrə pensiyaların elə həmin ay ərzində maliyyələşdirilməsinə imkan verib. Ötən ay isə Novruz bayramı ərəfəsində mart ayı üzrə bütün əmək pensiyalarının ödənişi tam yerinə yetirilib ki, bu da pensiyaçıların sosial müdafiəsinə yönələn tədbirlərin davam etdiyini təsdiq edir.