CƏMİYYƏT
Ölkəmizdə Vətənə borcunu layiqincə ödəyən hər kəs daim diqqət mərkəzində saxlanılır
Bakı, 7 dekabr, AZƏRTAC
Dövlətimiz və şəxsən də Prezident İlham Əliyev Vətənə borcunu layiqincə ödəyən, sosial qayğıya ehtiyacı olan hər bir vətəndaşı daim diqqət mərkəzində saxlayır. Bunun bariz nümunələrindən biri kimi də “Vergi Məcəlləsi”nə edilən dəyişiklikləri misal çəkmək olar. Belə ki, “Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Qanun layihəsinin müzakirəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub. Bundan sonra müvafiq komitələrdə onlara baxılıb və fikir mübadiləsi aparılıb. Hətta dinləmələr keçirilib. Burada müxtəlif nazirliklərin nümayəndələri, eyni zamanda, aidiyyəti qurumların iştirakı ilə məhz üçüncü oxunuş başa çatıb. Bir sıra məsələlərdə güzəştlər haqqında müvafiq qərar qəbul edilib. Qərarda həm şəhid ailələri, həm həssas təbəqələr, həm müharibə iştirakçıları ilə bağlı bir sıra istiqamətdə güzəştlər öz əksini tapıb. Vergi güzəştləri həddən artıq çoxdur. Vətən müharibəsində şəhid olanların ailə üzvlərinə və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçulara verilən maddi yardımın 10 min manatadək olan hissəsinin gəlir vergisindən azad olunması nəzərdə tutulub. Şəhid olan və yaralananların banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olan gəlirin gəlir vergisindən azad olunması, müalicə haqları, o cümlədən cərrahiyyə əməliyyatları ilə bağlı bütün birdəfəlik müavinətin dəyərinin 40 min manatadək hissəsinin gəlir vergisindən azad olunması ilə bağlı qərar qəbul edilib.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Arzu Nağıyev deyib.
Deputat bildirib ki, indiyədək qəbul edilən qərarlarda da, bu qərarda da mütləq şəkildə həssas təbəqə nəzərə alınıb: “Bank və kredit təşkilatları da bunu bilir. Nə olursa-olsun dövlət Azərbaycan vətəndaşının rifahı məsələsini ön plana çəkir. Burada da təbii ki, məhz həssas təbəqə şəhid ailələri, müharibə iştirakçıları, müharibə veteranları, eyni zamanda, qazilər mütləq şəkildə nəzərə alınır”.