MƏDƏNİYYƏT


Ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri “Şirvanşahlar irsi dünya muzeylərində” adlı sərgi ilə tanış olublar

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri yanvarın 18-də Şirvanşahlar Saray Kompleksində təşkil edilən “Şirvanşahlar irsi dünya muzeylərində” adlı sərgiyə baxıblar.

AZƏRTAC xəbər verir ki, əvvəlcə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzinin direktoru Cavid Kazımov sərgi haqqında məlumat verib. Bildirilib ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə reallaşan sərgi “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində təşkil edilib.

Vurğulanıb ki, ötən ilin oktyabr ayının 23-də açılan sərgidə Şirvanşahlar dövləti zamanında yaradılmış dəyərli maddi-mədəniyyət nümunələri təqdim edilir. Sərginin unikallığı ilk dəfə olaraq İstanbul Əsgəri Muzeyi və Gürcüstanın Milli İncəsənət Muzeyindən nadir eksponatların vətənimizə gətirilməsi ilə bağlıdır.

Qeyd edilib ki, XVI əsrin əvvəllərində qanlı döyüşlərdən sonra Şirvanşahlar sarayından qənimət kimi aparılan sonuncu Şirvan hökmdarı Fərrux Yasara aid 4 dəbilqə, Şirvanşah Keyqubad və Şirvanşah I Xəlilullaha aid zirehli köynəklər 500 ildən sonra müvəqqəti də olsa öz doğma məkanında sərgilənir. Həmçinin sərgidə Gürcüstan Milli Muzeyindən gətirilən Pir Hüseyn xanəgahına məxsus kaşı nümunələri də nümayiş olunur.

Sonra qonaqlar sərgi ilə tanış olublar. Diplomatlar sərgidən xoş təəssüratla ayrılıb.

Qeyd edək ki, sərgi yanvarın 23-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.