ELM VƏ TƏHSİL


Ölkəmizdə aparılan tikinti-quruculuq işləri memarlıq, dizayn və şəhərsalma ixtisaslarına marağı artırıb

Bakı, 19 oktyabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova Memarlıq fakültəsinin birinci kurs tələbələri ilə görüşüb.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova rektorla tələbələrin görüşlərinin artıq ənənə halını aldığını deyib. Dekan ümumilikdə fakültəyə 285 tələbənin qəbul olunduğunu, onların əksəriyyətinin 300-500 bal arası nəticə göstərdiklərini, qəbul olan 10 nəfərin 500-dən yuxarı, 1 nəfərin isə 600-dən yuxarı bal topladığını diqqətə çatdırıb. Qeyd olunub ki, fakültədə təhsil alan birinci kurs tələbələri 13 qrupa bölünüb. Tədris 3 dildə və 3 ixtisas üzrə aparılır. Universitet üzrə əcnəbi tələbələrin sayı ən çox Memarlıq fakültəsinin payına düşür. Fakültədə təhsil alan 68 tələbə Türkiyə, İran, Moldova, Özbəkistan və Türkmənistan vətəndaşlarıdır.

Görüşdə rektor Gülçöhrə Məmmədova son 10 ildə ölkədə aparılan böyük tikinti-quruculuq işlərinin memarlıq, dizayn, şəhərsalma ixtisaslarına olan marağı artırdığını, bunun qəbul nəticələrində də özünü göstərdiyini vurğulayıb. O, universitetin 1975-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını, yarandığı gündən indiyədək bu ali məktəbdə 50 mindən çox mütəxəssisin hazırlandığını tələbələrin diqqətinə çatdırıb. O, ölkəmizdə, eləcə də regionda böyük nüfuza malik olan universitetə dövlət tərəfindən hər zaman diqqət və qayğının göstərildiyini bildirib. Rektor tələbələri universitetin ictimai həyatında fəal iştirak etməyə çağırıb, onlara ali məktəbdə fəaliyyət göstərən tələbə həmkarlar və tələbə gənclər təşkilatları ilə sıx əlaqələr qurmağı tövsiyə edib.

Tədris işləri üzrə prorektor Akif Qasımov isə imtahan sessiyası, kredit sistemi, tədris prosesi barədə tələbələrə geniş məlumat verib. O, rəhbərlik tərəfindən universitetdə tələbələrin fərdi inkişafına dəstək məqsədilə xarici dil və kompüter kurslarının açıldığını bildirib.

Sonda universitet rəhbərliyi, ictimai təşkilatların nümayəndələri tələbələrin suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.