REGİONLAR
Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına dövlət səviyyəsində yüksək qayğı göstərilir
Balakən, 5 mart, Mustafa Dadaşov, AZƏRTAC
Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, idmanın kütləviliyinin təmin olunması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü iş aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Bədən Tərbiyəsi və İdman Günü münasibətilə martın 5-də Balakən və Samux rayon Heydər Əliyev mərkəzlərinin birgə təşkilatçılığı ilə keçirilən “Heydər Əliyevin gənclər və idman siyasəti” mövzusunda tədbirdə səsləndirilib.
Onlayn formatda keçirilən tədbiri Balakən Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva açaraq, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb. Bildirilib ki, Ulu Öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən sonra idmana münasibət də kökündən dəyişib, bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin əməkdaşı Türkan Əliyeva, rayon gənclər və idman idarəsinin rəsmisi Səfər Gəncəyev, Samux Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova çıxış edərək, mövzu ilə bağlı fikirlərini bildiriblər.
Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Olimpiya Oyunlarının qalibi Murad Bazarov, boks üzrə yeniyetmələr arasında “Heydər Əliyev Qran Prisi”nin qızıl mükafatçısı Ramazan Abdullayev, bodibildinq və fitnes üzrə Azərbaycan çempionatının qalibi Kərim Məmmədov, şahmatçı Aytac Məmmədova çıxışlarında dövlətin idmana və idmançılara göstərdiyi qayğıdan danışıb, gələcək yarışlarda Azərbaycan idmanının şöhrətini daha da yüksəltmək üçün əzmlə mübarizə aparacaqlarını bildiriblər.