REGİONLAR
Ölkəmizdə dövlət qadın siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub
Sumqayıt, 7 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Martın 7-də Sumqayıt Dövlət Universitetində Beynəlxalq Qadınlar Gününə həsr edilən tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Natiq Talıbov respublika həyatında qadınların fəallığının artırılması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər qadınların xidmətlərini - gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi yüksək qiymətləndirir, onlara böyük diqqət və qayğı göstərirdi. Ümummilli Lider ölkə həyatının bütün sahələrində qadınların fəal olması üçün geniş imkanlar yaradırdı. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prorektor Natiq Talıbov ölkəmizdə mühüm nailiyyətlərin əldə edilməsində qadınların böyük əməyi olduğunu deyib. Bildirib ki, qadınlar üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir və onların cəmiyyətdə fəal mövqe tutmaları yüksək qiymətləndirilir.
Azərbaycan qadınının ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil etdiyini bildirən prorektor vurğulayıb ki, bu, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətində aydın şəkildə görünür. Azərbaycanın birinci xanımının hər kəsə örnək olan fəaliyyəti bütün dünyaya sübut edir ki, Azərbaycan qadını gözəl ana olmaqla yanaşı, həm də fəal ictimai xadim ola bilər. Bu səbəbdən də respublikamızın bir çox sahələrində çalışanların böyük hissəsini qadınlar təşkil edir.
Sonra prorektor universitetin ictimai həyatında fəallığı ilə fərqlənən xanımlara fəxri fərman və dəyərli hədiyyələr təqdim edib.
Təltif olunan xanımlar ölkəmizdə qadınlara göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbir respublikamızın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin və universitetin “Səma” rəqs qrupunun çıxışı ilə davam edib.