ELM VƏ TƏHSİL
Ölkəmizdə gənc alimlər xüsusi qayğı ilə əhatə olunublar
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda 2 fevral - Gənclər Gününə həsr olunan tədbir keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə bu müəssisənin elmi işlər üzrə direktor müavini Səbinə Nemətzadə Gənclər Gününün yaranması tarixindən danışıb. İnstitutda gənclərin üstünlük təşkil etdiyini deyən S.Nemətzadə bildirib ki, Azərbaycan elminin gələcək inkişafı gənc kadrların potensialından asılıdır. O, əlamətdar gün münasibətilə institutun gənclərini təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov akademiyada çalışan gənclərin ölkəmizin elmi və ictimai-siyasi həyatındakı rolundan danışıb. Tədbirdə çıxış edənlər ölkəmizdə gənc alimlərin inkişafına xüsusi diqqət göstərildiyini vurğulayıblar.
Sonda Gənclər Günü ilə bağlı qısametrajlı film nümayiş etdirilib.