ELM VƏ TƏHSİL
Ölkəmizdə gənc alimlərin inkişafına xüsusi diqqət göstərilir
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda 2 fevral – Gənclər Gününə həsr edilmiş tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, akademik Vaqif Fərzəliyev ümummilli lider Heydər Əliyevin gənclərin inkişafına daim böyük önəm verdiyini xatırladıb. Alim bildirib ki, əsası dahi rəhbər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxıb. Ümummilli Liderin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.
Dövlət gənclər siyasətinin əhəmiyyətindən danışan V.Fərzəliyev ölkəmizdə gənclərə xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb. Alim gəncləri, o cümlədən institutda çalışan gənc əməkdaşları vətənpərvərliyə, faydalı və səmərəli fəaliyyətə çağırıb.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Əfsun Sucayev bu elm müəssisəsində gənclərin fəaliyyətinə geniş imkanlar yaradıldığını diqqətə çatdırıb.
Professor Həqiqət Cavadova, dosentlər Nüsrət Əliyev, Elxan İsakov əlamətdar gün münasibətilə gəncləri təbrik edib, onlara tövsiyələrini veriblər.
Sonra elmi və ictimai fəaliyyəti ilə fərqlənən gənclərə təşəkkürnamələr təqdim olunub.