REGİONLAR
Ölkəmizdə həyata keçirilən islahatların əsas məqsədi sosial-iqtisadi uğurların davamlılığını təmin etməkdir
Xırdalan, 10 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının rayon təşkilatının birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin birillik fəaliyyətinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, “Güclü lider-güclü Azərbaycan” adlı tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgələrdə aparılan abadlıq-quruculuq, yenidənqurma işləri çərçivəsində Abşeron rayonunda görülən tədbirlərdən danışıb və qarşıda duran vəzifələr haqqında məlumat verib.
Diqqətə çatdırılıb ki, son 15 ildə Azərbaycanda hər bir sahədə müsbət inkişaf dinamikası müşahidə edilib, iqtisadiyyatın bütün sektorlarında ən azı 2 dəfədən çox artım olub.
Qeyd olunub ki, ölkəmizdə həyata keçirilən islahatların əsas məqsədi sosial-iqtisadi uğurların davamlılığını təmin etməkdir.
YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev dövlətimizin başçısının rəhbərliyi ilə regionlarda davamlı olaraq islahatların həyata keçirildiyini bildirib. Vətəndaşların maraqlarına xidmət edən məsələlərin öz həllini tapdığını diqqətə çatdıran B.Vəliyev qeyd edib ki, xalqımız dövlətimizin inkişafını gözü götürməyən qüvvələrə hər zaman layiqli cavab verib. Bildirilib ki, xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşib və heç bir antimilli qüvvə bu birliyə mane ola bilməz.
Digər çıxış edənlər Prezident İlham Əliyevin cari prezidentlik dövrünün ilk ili ərzində Azərbaycanın öz dinamik inkişafını təmin etdiyini və xalqımızın əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşadığını bildiriblər. Dövlətimizin hərtərəfli inkişafı və xalqın sosial rifahının daha da gücləndirilməsi istiqamətində görülən işləri məqsədyönlü dövlət siyasətinin mühüm tərkib hissəsi hesab edən natiqlər son bir ildə ölkəmizdə ciddi institusional islahatların aparıldığını qeyd ediblər.