CƏMİYYƏT
Ölkəmizdə narkomaniyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Bakı, 16 avqust, AZƏRTAC
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və onun icrası zamanı işlərin müvafiq yerli orqanlarla əlaqələndirilməsi məqsədilə avqustun 16-da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu Salyan Rayon İcra Hakimiyyəti ilə birgə “dəyirmi masa” keçirib.
Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbər müavini, qrupun sektor müdiri, rayon icra hakimiyyəti başçısının müavini, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzvləri iştirak ediblər.
Çıxışlarda ölkəmizdə narkomaniyaya qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyi vurğulanıb. Narkomaniya və onun fəsadları ilə bağlı ətraflı məlumat verilib, “ağ ölüm”ün cəmiyyət üçün yaratdığı ciddi problemlərdən danışılıb.
Tədbir çərçivəsində rayon komissiyasına metodiki kömək göstərilib və zəruri əyani vəsaitlərlə təmin olunub.