İDMAN


Ölkəmizdə qış paralimpiya idman növlərinin yaradılması sahəsində görülmüş işlər müzakirə olunub

Bakı, 1 oktyabr, AZƏRTAC

Oktyabrın 1-də Milli Paralimpiya Komitəsində qış paralimpiya idman növlərinin yaradılması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, müzakirələrə komitənin birinci vitse-prezidenti Natiq Qasımov, baş katib Kamal Məmmədov, qurumun mütəxəssisləri, “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədr müavini Rövşən Cahangirov və digərləri qatılıblar.

Tədbirdə qış idman növlərinin və idmançıların seçilməsi, onların tibbi təsnifatdan keçirilməsi, baş məşqçinin və məşqçilərin təyin edilməsi, onlar üçün təlim-məşq yerlərinin müəyyən edilməsi, avadanlığın və digər məsələlər barədə məlumatlar dinlənilib, müvafiq təkliflər verilib.

Qeyd olunub ki, ilkin olaraq üç idman növü seçilib. Bu sahə üzrə artıq iki idmançı müəyyən edilib, bir atletin də seçilməsi prosesi gedir. Baş məşqçi və məşqçilərin “Şahdağ” Turizm Mərkəzinin təlimatçıları arasından seçilməsi qərara alınıb.

Bildirilib ki, Beynəlxalq Paralimpiya Komitəsinin qış idman növləri üzrə İdarə Heyətinin dəstəyi ilə məşqçilər üçün hazırlıq kurslarının və idmançıların tibbi təsnifatdan keçirilməsi, eyni zamanda, idmançıların ilk təlim-məşq toplanışı noyabrın 1-5-də Birləşmiş Ərəb Əmirliklərindəki “SKİ Dubai” kompleksində həyata keçiriləcək.

Qış paralimpiya idmanı Azərbaycan Paralimpiya hərəkatı tarixində ilk dəfə olaraq yaranır. Milli Paralimpiya Komitəsi ilə “Şahdağ” Turizm Mərkəzi QSC arasında qış paralimpiya idman növlərinin yaradılması sahəsində birgə fəaliyyət barədə razılıq cari ilin əvvəlində əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.