REGİONLAR
Ölkəmizdə səhiyyənin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
İsmayıllı, 11 dekabr, Adil Ağayev, AZƏRTAC
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümünə həsr olunan toplantı keçirilib.
AZƏRTAC xəbər verir ki, toplantıda Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə “Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə həyata keçirdiyi sosial-humanitar siyasət və onun uğurlu nəticələri” mövzusunda məruzə dinlənilib, çıxışlar olub. Natiqlər sosial-humanitar siyasəti müxtəlif istiqamətlərdən təhlil edib, bu günün nailiyyətlərini, böyük uğurlarını məhz bu siyasətin məntiqi nəticəsi kimi dəyərləndiriblər.
Ölkəmizdə səhiyyənin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində Ulu Öndərin və onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdikləri məqsədyönlü tədbirlərdən, reallaşdırılan iri layihələrdən danışan toplantı iştirakçıları bu sahədə İsmayıllı rayonunda da az iş görülmədiyini diqqətə çatdırıblar.
Bu il sentyabrın 22-də Prezident İlham Əliyevin İsmayıllıya səfərini, digər obyektlər kimi, rayon mərkəzi xəstəxanasının açılışındakı iştirakını məmnuniyyətlə xatırlayan natiqlər hazırda burada əhaliyə yüksək səviyyədə tibbi xidmət üçün hər cür şəraitin olduğunu bildiriblər.