SİYASƏT
Ölkəmizdə siyasi sabitliyin və sosial-iqtisadi inkişafın başlandığı tarixi gün
Beyləqan, 14 iyun (AZƏRTAC, Tahir Ağaməmmədov). Beyləqan şəhərindəki Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Mərkəzin qarşısında Ulu Öndərin abidəsi önünə tər çiçəklər qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Konfransda çıxış edənlər ötən əsrin 90-cı illərində respublikamızda baş verən ictimai-siyasi prosesləri geniş təhlil etmiş, dahi lider Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına son qoyulduğunu, Azərbaycanın müstəqilliyinin məhv olmaq təhlükəsinin aradan qaldırıldığını bildirmişlər.
Çıxışlarda iyunun 15-i ölkəmizdə siyasi sabitliyin və sosial-iqtisadi inkişafın başlandığı bir gün kimi xarakterizə edilmiş, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən danışılmış, respublikamızın tərəqqisini təmin edən siyasi xəttin dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılmışdır.