Ölkəmizdə son 20 ildə içməli su ilə bağlı yaranan problemlər geniş təhlil edilib
AzerTAg.az

Bakı, 29 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsi Azərbaycanın içməli su ehtiyatlarına dair problemləri araşdırıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, fakültədə keçirilən elmi seminarda ölkəmizdə son 20 ildə içməli su ilə bağlı yaranan problemlər geniş təhlil edilib. Geologiya fakültəsinin Hidrogeologiya və mühəndis geologiyası kafedrasının dosenti Esmiralda Məmmədova “İçməli su: problemlər, həll yolları” mövzusunda məruzəsində qeyd edib ki, Cənubi Qafqazın cəmi 310 milyard kubmetr su ehtiyatı var. Azərbaycan üzrə adambaşına düşən su payı qonşu respublikalarla müqayisədə ən aşağı səviyyədədir. Ölkəmizin qiymətləndirilən su ehtiyatları 30 milyard kubmetrə yaxındır. Su ehtiyatlarının 21 milyard kubmetri ölkə hüdudlarından kənarda formalaşır. Gürcüstanda daxili su ehtiyatları ilə təminat 85 faiz, Ermənistanda 82 faiz olduğu halda, ölkəmizdə bu göstərici cəmi 28 faizdir. Hazırda ölkənin 35-dən çox şəhər və qəsəbəsində əhalinin su ilə təchizatı tam və ya qismən yeraltı suların hesabına ödənilir.
Əhalinin sayının intensiv artması, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbat durmadan artır. Qlobal iqlim dəyişikliyi, meşə sahələrinin süni surətdə azaldılması, şirin sulardan səmərəsiz istifadə, o cümlədən suvarmanın qeyri-səmərəli üsullarla aparılması nəticəsində ölkənin içməli və suvarma suyu ilə təminatında problemlər yaradır.
Problemi həll etmək üçün dəniz suyunu içmək məqsədilə duzsuzlaşdırmaq, Kür çayının aşağı axarında yaranmış ekoloji vəziyyəti yaxşılaşdırmaq, kəhriz sistemlərindən istifadə etmək olar. Çirkab suların təmizlənməsi və digər məqsədlərlə təkrar istifadə olunması, daha mütərəqqi suvarma üsullarından yararlanmaq da problemin həlli yollarındandır: “Azərbaycan su ehtiyatının az olduğu ölkələrdəndir. Lakin mövcud su resurslarından səmərəli və düzgün istifadə edilərsə, su ehtiyatlarının artırılması istiqamətində tədbirlər görülərsə, su çatışmazlığı ilə bağlı problem ölkəmizdən yan keçə bilər. Ölkənin su təminatı ilə bağlı mövcud olan problemlərin araşdırılması və onların həlli yollarının tapılması hidrogeologiya elminin ən mühüm vəzifəsidir. Bu da Hidrogeologiya mühəndisliyi ixtisasının yenidən bərpa olunmasını zəruri edir”.
Xəbərin mətnində orfoqrafik səhv var