CƏMİYYƏT


Ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan insanların problemləri daim diqqət mərkəzində saxlanılır

Bakı, 17 aprel, AZƏRTAC

Aprelin 17-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün 3-cü “Fərqli Fərdlər” Konqresi keçirilir. Onlayn formatda keçirilən Konqres “Caspian Event Organisers” şirkətinin və “Edutainment.az” təhsil strukturunun təşəbbüsü ilə təşkil edilib.

AZƏRTAC xəbər verir ki, konqresdə çıxış edən Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva autizm spektri üzrə hüquqi bazanın yaradılmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu bildirib. Qeyd edib ki, xüsusi qayğıya ehtiyacı olan insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək göstərmək şərəfli və məsuliyyətli işdir. İnklüziv cəmiyyətin qurulması, ilk növbədə, fərqli fərdlərin təhsili, yaşayışı və cəmiyyətə inteqrasiya olunması üçün əlverişli şərait tələb edir. Ölkəmizdə statusundan asılı olmayaraq, bütün insanların firavan həyat şəraitinin təmin edilməsi dövlətin sosial siyasətinin prioritet istiqamətidir. Xüsusi qayğıya ehtiyacı olan insanların problemlərinin həlli dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə ölkəmizdə reabilitasiya mərkəzlərinin yaradılması təqdiqəlayiqdir.

Qeyd olunub ki, autizmli uşaqların aşkar edilərək bərpa mərkəzlərində müalicə alması onların cəmiyyətə inteqrasiyası üçün mühüm əhəmiyyət daşıyır.

Səbinə Əliyeva diqqətə çatdırıb ki, Ombudsman Aparatı pandemiya şəraitində əlilliyi olan uşaqların, problemli insanların problemlərini daim diqqət mərkəzində saxlayıb. Hər bir vətəndaşın ombudsmana əlçatanlığı təmin olunub.

Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, bütün insanlar bərabərdir və Azərbaycanda bunu ehtiva edən normativ hüquqi sənədlər və aktlar var. İnsanların yaxşı yaşamaları üçün məşğulluq və təhsil sahələrində bərabər imkanların yaradılmasının vacib şərtlərdən olduğunu deyən komitə sədri bildirib: “Azərbaycanda uşaq hüquqlarının qorunması və müdafiəsi prioritet vəzifələrdəndir. Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizdə uşaq hüquqları normativ sənəd və aktlarla qorunur və tənzimlənir. Ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müavinət təyin edilib. 2015-ci ildən autizmli uşaqlar da müavinətdən yararlanırlar. Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə müxtəlif layihələr, tədbirlər həyata keçirirlər.

Hicran Hüseynova bildirib ki, əvvəlki illərlə müqayisədə uşaqların cəmiyyətə inteqrasiyası prosesi sürətlənib. Prosesin davamlı olması üçün valideynlər və əhali arasında müvafiq istiqamətdə maarifləndirici işlər davam etdirilməlidir.

“Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrdən danışan komitə sədri deyib ki, Milli Məclisdə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı dinləmələr və müzakirələr keçirilib.

Milli Məclisin deputatı Nigar Arpadarai diqqətə çatdırıb ki, pandemiya bütün sahələrə öz təsirini göstərib. Bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan ilk günlərdən koronavirusla mübarizə çərçivəsində düzgün və preventiv qərarlar qəbul edib. Autizmli xəstələrdən danışan deputat qeyd edib ki, dünyada 75 milyona yaxın belə insan yaşayır. Onlar cəmiyyətdə müəyyən çətinliklərlə üzləşirlər. Dünya təcrübəsində autizmli xəstələrlə bağlı köklü qanunvericilik aktları mövcud deyil. Bu, bəzi ölkələrdə fəaliyyət planı kimi təsbit olunub. Belə xəstələr daha çox təhsillə bağlı problemlər yaşayırlar. Ona görə də bu istiqamətdə işlərin sürətləndirilməsi vacibdir.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Ceyran Rəhmətullayeva qeyd edib ki, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqların inklüziv təhsil və inteqrasiya məsələləri dövlət tərəfindən diqqət mərkəzində saxlanılır. Onun sözlərinə görə, 2000-ci illərdən başlayaraq ölkəmizdə həm dövlət, həm də ictimai təşkilatlar tərəfindən bu istiqamətdə məqsədyönlü işlər aparılır. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də xüsusi qayğıya ehtiyacı olan uşaqların, insanların nəzarətə götürülməsini diqqətdə saxlayır.

Uşaq və ailələrə dəstək mərkəzlərinin fəaliyyətindən danışan Ceyran Rəhmətullayeva maarifləndirmə işlərinin əhəmiyyətini vurğulayıb, “Uşaq strategiyası” ilə bağlı proqramın əhəmiyyətini vurğulayıb.

Aprelin 18-də konqres işini davam etdirəcək.

Qeyd edək ki, “Fərqli Fərdlər” konqresinin əsas tərəfdaşı BP şirkətidir. Tədbir, həmçinin “ACE Group Consultants”, “CTS Translation” və “Credo” şirkətləri tərəfindən dəstəklənir. Konqresin proqramının prodüseri “Autistic City” - ASP diaqnozlu insanlara dəstək mərkəzinin rəhbəri, autizmdən əziyyət çəkən Antonina Steynberqdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.