CƏMİYYƏT


Ölkəmizdə yeni texnologiyaların tətbiqi yeni uğurlar deməkdir

Bakı, 26 may, AZƏRTAC

İndi bəşəriyyət elm və texnologiyaların sürətli inkişafının yeni mərhələsinə qədəm qoyub. Davamlı inkişafa yol açan əsas amillərdən biri məhz yeni texnologiyaların inkişafından, tərəqqisindən keçir. İnkişaf etmiş ölkələrin iqtisadi, sosial və mədəni inkişafı, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, bütövlükdə ictimai həyatının demokratikləşməsi elmin müasir texnologiyaların inkişafı ilə zəncirvari bağlılığından faydalanır. Bəşəriyyətin gələcəyinə gedən yolun dünyamızı rəngləndirən, işlərimizi asanlaşdıran müasir texnologiyaların verdiyi üstünlüklərlə daha hamar olduğu heç kimdə şübhə doğurmur.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Deputat qeyd edib ki, qloballaşan dünyanın bir parçası kimi ölkəmizdə də yeni texnologiyalar cəmiyyətin bütün sahələrində, dövlət idarəetməsindən tutmuş vətəndaşların fərdi istehlakınadək hər yerdə geniş tətbiq olunur, insanların rifahına xidmət edir: “Koronavirus pandemiyasının dünyamızı təhdid etdiyi, bir vaxtda müasir texnologiyaların aktuallığına bir daha əmin olduq. Dünyada enerji təhlükəsizliyinin formalaşmasına töhfəsini əsirgəməyən Azərbaycan texnoloji inkişafda, müasir texnologiyaların ölkəmizə gətirilməsi prosesində də irəlidədir. Genişmiqyaslı beynəlxalq tədbirlər çərçivəsində dünyanın texnoloji gündəliyinin dəfələrlə Azərbaycanda müzakirə olunması bu sahədə malik olduğumuz imkanların təqdimatına böyük töhfə olmaqla yanaşı, dövlətimizin başçısı İlham Əliyevin müasir texnoloji yeniliklərə daim açıq olduğunun bariz nümunəsidir”.

Naqif Həmzəyev bildirib ki, CISCO şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer, vitse-prezidenti Qay Ditrix, “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və şirkətlərin digər nümayəndələri ilə ölkəmizin Prezidenti İlham Əliyev arasında keçirilən videokonfransda COVID-19 virusu ilə mübarizə sahəsində müasir texnologiyaların əhəmiyyətinə də toxunulub.

May ayının 22-də işıqlandırma avadanlıqları, sistemləri və xidmətləri sahəsində dünyada birinci yerdə olan “Signify” şirkətinin təşəbbüsü ilə keçirilən videokonfransda kənd təsərrüfatında, o cümlədən heyvandarlıq, quşçuluq və əkinçilik sahələrində məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılması, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, su istehlakının azaldılması və s. kimi sahələrdə də yeni texnologiyaların tətbiqinin yeni uğurlara yol aça biləcəyi qeyd edilib. Azərbaycanda yeni elektron kənd təsərrüfatı sisteminin həyata keçirildiyini qeyd edən Azərbaycan Prezidenti İlham Əliyev “bu sahədə aparılan islahatlar sayəsində biz daha çox gəncin kənd təsərrüfatı üzrə mütəxəssis olmaq istədiyini və Aqrar Universitetdə bu peşəni seçmək istəyən gənclərin sayının artdığını” da diqqətə çatdırıb.

“Azərbaycan yeni texnologiyalara, innovasiyalara hazırdır. Biz artıq bunun üçün əhəmiyyətli insan kapitalı yaratmışıq və bizim dövlət xidmətləri, sosial xidmətlərlə bağlı texnologiyalarımız bu gün bəzi başqa ölkələr tərəfindən istifadə olunur” – deyən Prezident İlham Əliyev Azərbaycanın dinamizmə, tərəqqiyə, iş yerlərinə və rifaha gətirib çıxaran yeni texnologiyalara tam açıq olduğunu da vurğulayıb.

“Beləliklə, dövlətimizin başçısının rəhbərliyi və siyasi iradəsi ilə həyata keçirilən islahat və layihələr postpandemiya dövründə də müasir texnologiyaların tətbiqi Azərbaycanın daha da müasirləşməsinə təkan verəcək”, - deyə Naqif Həmzəyev qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.