MƏDƏNİYYƏT
Ölkəmizə gələn xarici turistlər ən çox Azərbaycan mətbəxinə üstünlük verirlər
Bakı, 14 iyul, AZƏRTAC
Cari ilin iyul ayında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “ASAN könüllüləri” ilə birgə Bakı şəhərində turistlərin daha çox olduğu İçərişəhərdə (Qoşa Qala qapısının qarşısındakı meydanda) və Nizami küçəsində qısa sosioloji sorğu keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sorğuda 3 saat müddətində 247 turist iştirak edib və təqdim edilmiş suallar müvafiq qaydada cavablandırılıb.
Sorğuda iştirak edən 247 respondentdən 19 faizi Rusiyanın, 16 faizi BƏƏ-nin, 10.5 faizi Türkiyənin, 9 faizi İraqın, 8 faizi İranın, 6.5 faizi Ukraynanın, 4.5 faizi Böyük Britaniyanın, 26.5 faizi isə digər ölkələrin payına düşür.
Həmçinin, turistlərin 55 faizinin birinci dəfə, 45 faizinin isə artıq bir neçə dəfə Azərbaycana səfər etdiyi vurğulanıb.
“Azərbaycanda nəyi bəyəndiniz?” sualına turistlərin 39 faizi mətbəxini, 28 faizi hər şeyi, 21 faizi İçərişəhəri, Qız Qalasını, Fəvvarələr Meydanını, Dənizkənarı Bulvarı, 7 faizi isə müasir arxitekturanı bəyəndiklərini bildiriblər.