REGİONLAR
“Ölkəmizi tanıyaq”: Masallı və Astara rayonları ilə tanışlıq məktəblilərdə zəngin təəssürat doğurub
Astara, 20 noyabr, Bağır Əliyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçısı olan Bakının Suraxanı, Xəzər, Pirallahı və Qaradağ, eləcə də Xocalı, Qax, Mingəçevir, Zaqatala, Balakən, Kəlbəcər rayonlarının məktəbliləri və onların müəllimləri Lənkəranla tanışlıqdan sonra noyabrın 20-də Masallı və Astara rayonlarına səyahət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallıda humanitar aksiyanın iştirakçılarını rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Masallı şəhərindəki Heydər Əliyev Parkında məktəblilər qarşısında çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, cənub bölgəsinə səyahət edən məktəblilərə ən xoş arzularını çatdırıb.
Aybəniz Qafarova Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra qlobal layihələr, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında müəyyən edilmiş tədbirlərin icrası istiqamətində Masallıda görülən işlər barədə məktəblilərə məlumat verib.
Tur-aksiyanın iştirakçıları Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Sonra məktəblilər Masallı Uşaq İncəsənət Məktəbinə ekskursiya ediblər.
Masallı Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub.
Tur-aksiya iştirakçıları "ASAN həyat" kompleksindəki “ASAN xidmət” və ABAD Mərkəz, İncəsənət Məktəbi və kinoklubla tanış olub, İntellektual Mərkəzdə Masallı məktəblilərinin "Breyn-rinq" yarışını izləyiblər. Onlar, həmçinin Masallıdakı Bayraq Meydanı, Azərbaycanın Dövlət Rəmzləri Muzeyi, Olimpiya İdman Kompleksi və Masallı Sənaye Məhəlləsinə də səfər ediblər.
Astarada isə humanitar aksiyanın iştirakçılarını rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Rayon icra hakimiyyəti başçısının müavini Qızbəs Məmmədova “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində keçirilən tur-aksiyaların məktəblilərin dünyagörüşünün formalaşmasındakı rolundan danışıb, rayonun coğrafi mövqeyi, əhalinin məşğulluğu, Astaranın sosial-iqtisadi inkişafı və turizm potensialı barədə məlumat verib.
Məktəblilər Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətini, böyük rəhbərin Astara rayonuna səfərlərini əks etdirən eksponatlar və fotoşəkillərlə böyük maraqla tanış olublar.
Sonra tur-aksiya iştirakçıları Astara şəhərində, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksinə gəliblər. Bildirilib ki, 2014-cü ildə 6 hektar ərazidə salınmış park-bulvar kompleksinin ərazisi 9 hektar artırılaraq 15 hektara çatdırılıb. İran İslam Respublikası ilə dövlət sərhədinə qədər sahil boyunca inşa edilən park-bulvar kompleksində yerli sakinlərin və turistlərin mənalı istirahət etmələri üçün hər cür şərait yaradılıb.
Astaranın qədim tarixi, mədəniyyəti, adət-ənənələri, turizm potensialı, əhalinin məşğulluğu və sosial-iqtisadi inkişafı barədə də məktəblilərə məlumat verilib.
Qeyd olunub ki, Astara zəngin təbiətə və qədim tarixə malik, nadir el sənətkarlığının, qədim adət-ənənələrin və folklorun qorunduğu qədim yaşayış məntəqəsidir.
Park-bulvar kompleksi ilə tanışlıqdan sonra tur-aksiyanın iştirakçıları rayonun Ərçivan kəndindəki “Yanar bulaq”da suyun alovlanmasını böyük maraqla izləyiblər.
Məktəblilər “Astaraçay” MMC-nin çay fabrikində çay emalı prosesini izləyib, burada yaradılmış “Çay muzeyi”ndə nümayiş etdirilən eksponatlarla tanış olublar.
Masallı və Astara rayonları ilə tanışlıqdan sonra tur-aksiya iştirakçıları Lənkərana qayıdıblar.
Şam yeməyindən sonra məktəblilər Lənkərandakı “Şah sarayı”nda intellektual bilik yarışında, musiqili-əyləncəli proqramda iştirak ediblər.