REGİONLAR
“Ölkəmizi tanıyaq”: Sabirabad, Saatlı, Hacıqabul, Biləsuvar və Cəbrayıl məktəbliləri Qəbələyə yola düşüblər
Sabirabad, 14 noyabr, Mahir Babayev, AZƏRTAC
Noyabrın 14-də səhər saatlarında Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda böyük canlanma vardı. Rayon icra hakimiyyəti və təhsil şöbəsinin məsul işçiləri, valideynlər “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Qəbələ-Şəki-Zaqatala marşrutunun iştirakçıları olan sabirabadlı şagirdləri yola salırdılar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə aksiya iştirakçıları Heydər Əliyev Mərkəzindəki eksponatlarla tanış olublar. Sonra məktəblilər Ümummilli Liderin adını daşıyan parkda ağac və gül kolları əkiblər.
Sabirabad şəhər 5 nömrəli tam orta məktəbin IX sinif şagirdi Nigar Nəsirli sevincini bölüşərək deyib: “Tur-aksiyada iştirak edəcəyimi eşidəndə çox sevindim. Azərbaycanın regionlarını gəzmək, şəhər və rayonların tarixi yerləri, mədəniyyət abidələri ilə tanış olmaq çoxdankı arzum idi. Artıq bu istəyim reallığa çevrilib. Tur-aksiyalar məktəblilərə ölkəmizi, onun bu gününü və keçmişini daha dərindən öyrənmək imkanı verir. Bizə bu imkanı yaradan Prezidentimizə minnətdaram”.
Həşimxanlı kənd tam orta məktəbinin X sinif şagirdi Pərviz Bədirov söhbətə qoşularaq fikirlərini belə ifadə edib: “Bu gün Azərbaycanın dilbər guşələrindən olan Qəbələ, Şəki və Zaqatala rayonlarına yola düşürük. Sevincimiz hədsizdir. Ölkəmizin qədim tarixi, mədəniyyəti və incəsənəti barədə çox oxumuşam. Bu gün isə mənə bütün bunları görmək imkanı yaradılıb”.
Sonda Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə tur-aksiyada iştirak edən sabirabadlı məktəblilər yola düşüblər.
X X X
Noyabrın 14-də “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyanın Saatlı rayonundan olan iştirakçıları - IX və XI sinif şagirdləri və onları müşayiət edən müəllimlər Qəbələ-Şəki-Zaqatala marşrutu ilə şimal-qərb bölgəsinə yola çıxıblar.
İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra şagirdlər rayondakı Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən fotoşəkil və sənədlərlə tanış olublar.
Qrup rəhbəri, rayon icra hakimiyyətinin əməkdaşı Əhəd Behbudov deyib: “Onuncu dəfədir ölkəmizdə məktəblilər üçün belə bir aksiya təşkil edilir. Maarifləndirici tur-aksiya təkcə regionlarla tanışlıq məqsədi daşımır. Səfər zamanı şagird və müəllimlər müxtəlif maraqlı tədbirlərdə iştirak etmək imkanı da əldə edəcəklər”.
Tur-aksiyanın digər iştirakçıları – Sarıcalar kənd tam orta məktəbinin müəllimi Vəfadar Xəlilov, Nabatkənd kənd tam orta məktəbin X sinif şagirdi İnsaf Hüseynov və başqaları bu səyahətin təşkilindən razılıqlarını bildirib, şagirdlərin zəngin təəssüratla qayıdacaqlarına əmin olduqlarını vurğulayıblar.
Valideyn Fəxrəddin Məmmədov deyib: “Dövlətimizin başçısı gələcəyimiz olan uşaqlara xüsusi qayğı göstərir. Hər yerdə yeni məktəblər, uşaq bağçaları, idman kompleksləri tikilib istifadəyə verilir. Bu tur-aksiya həmin qayğının daha bir təzahürüdür. Övladımın da bu aksiyada iştirak etməsindən çox məmnunam”.
Sonra məktəblilər xüsusi avtobusla yola salınıblar.
Saatlıdan olan 40 məktəbli və 5 müəllim dörd gün ərzində Qəbələ-Şəki-Zaqatala rayonlarını gəzəcək, bu məkanlarla yaxından tanış olacaqlar.
X X X
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyaya qoşulan məktəblilər arasında Hacıqabul rayonunun təmsilçiləri də var. Rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onları müşayiət edən müəllimlər Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya yollanıblar.
Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər. Sonra məktəblilər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotoşəkil və sənədlərlə tanış olublar.
Rayon icra hakimiyyəti və təhsil şöbəsinin məsul işçiləri, valideynlər 40 şagird və 5 nəzarətçi müəllimdən ibarət olan qrupu icra hakimiyyətinin binası qarşısındakı meydandan yola salıblar.
Qrup rəhbəri Natiq Mustafayev bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən tur-aksiyanın iştirakçıları dörd gün ərzində Qəbələ, Şəki və Zaqatalanın görməli yerləri ilə tanış olacaq, dünyagörüşlərini genişləndirəcəklər.
Hacıqabul şəhər 5 saylı tam orta məktəbin direktoru Gülüstan Almazova deyib ki, tur-aksiya təkcə regionlarla tanışlıq məqsədi daşımır, həm də səfər zamanı şagirdlər və müəllimlər təcrübə mübadiləsi etmək imkanı qazanacaqlar.
Tur-aksiyanın iştirakçısı, dərs əlaçısı, Hacıqabul şəhər 5 nömrəli tam orta məktəbin IX sinif şagirdi Gülşən Gözəlova sevincini belə ifadə edib: “Bizi maraqlı ekskursiya gözləyir. Qəbələ, Şəki və Zaqatala rayonlarının qədim tarixi, adət-ənənələri, mədəniyyəti ilə tanış olmaq imkanı yaratdığı üçün dövlətimizin başçısına minnətdarlığımızı bildiririk. Azərbaycanın dilbər guşələrinə səyahət etmək çoxdankı arzum idi”.
Sonra məktəblilər onlar üçün ayrılmış avtobusla Qəbələyə yola düşüblər.
X X X
Maarifləndirici tur-aksiyada iştirak edən biləsuvarlı məktəblilər də Qəbələ-Şəki-Zaqatala marşrutu istiqamətində yola çıxıblar.
Yolasalma mərasimində rayon rəhbərliyi, müəllim və valideynlər iştirak ediblər.
Tur-aksiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.
Qrup rəhbəri, rayon icra hakimiyyətinin əməkdaşı Sahil Hüseynzadə bildirib ki, “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası gənclərə dövlət qayğısının təzahürüdür. Maarifləndirici tur-aksiya təkcə regionlarla tanışlıq məqsədi daşımır. Səfər zamanı şagirdlər müxtəlif maraqlı tədbirlərdə iştirak etmək imkanı da qazanacaqlar.
Mərasim başa çatdıqdan sonra biləsuvarlı məktəblilər xüsusi avtobusla yola salınıblar.
X X X
Maarifləndirici tur-aksiyada iştirak edənlər arasında cəbrayıllı məcburi köçkün məktəblilər də var.
Biləsuvarda cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbədə yerləşən rayon icra hakimiyyətinin qarşısındakı meydanda məktəblilərin yola düşmə mərasimi keçirilib.
Tur-aksiya iştirakçıları, rayon icra hakimiyyəti və təhsil şöbəsinin rəhbər işçiləri, valideynlər əvvəlcə ulu öndər Heydər Əliyevin qəsəbədəki abidəsini və şəhidlərin xatirə kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Fəridə İbayeva səfər proqramı barədə məlumat verərək deyib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Cəbrayılın ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri dörd gün ərzində Qəbələ-Şəki-Zaqatala rayonlarının tarixi abidələri, sosial-iqtisadi inkişafı və əsrarəngiz təbiəti ilə yaxından tanış olacaqlar. Azərbaycanın regionları ilə tanışlıq məktəblilərdə vətənpərvərlik hisslərinin formalaşmasında əvəzsiz rol oynayır. Dövlətimizin başçısı təhsilimizin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına diqqət göstərdiyi kimi, məktəblilərin dünyagörüşünün formalaşmasının, onların asudə vaxtlarının səmərəli keçməsinin də qayğısına qalır.
Tur-aksiya iştirakçısı Cəsur Hüseynov ekskursiyadan zəngin təəssüratlarla qayıdacaqlarına əmin olduğunu bildirib.
Sonra şagirdlər xüsusi avtobusla Qəbələ-Şəki-Zaqatala marşrutu istiqamətində yola çıxıblar.