REGİONLAR
“Ölkəmizi tanıyaq”: Şimal bölgəsinin məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola düşüblər
Xaçmaz, 18 noyabr , Elxan Yusifli, AZƏRTAC
Noyabrın 18-də “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunan tur-aksiyanın şimal rayonlarından olan iştirakçıları Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola çıxıblar.
AZƏRTAC xəbər verir ki, şimal-qərb bölgəsinə ekskursiyada Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının 240 nəfər yuxarı sinif şagirdi, onları müşayiət edən müəllimlər iştirak edirlər.
Xaçmaz şəhərindən yola çıxan tur-aksiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Rayon icra hakimiyyəti başçısının müavini İlhamə Nəzərova məktəblilərə Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın əhəmiyyətindən danışıb. Bildirilib ki, ümumtəhsil məktəblərinin şagirdləri və onların müəllimləri noyabrın 18-dən 21-dək şimal-qərb bölgəsinə səyahət zamanı Qəbələ, Şəki və Zaqatalanın tarixini, mədəniyyətini, əhalinin həyat tərzini və məişətini əks etdirən abidələrlə, muzeylərlə, ərazinin turizm potensialı, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası istiqamətində görülən işlər və həyata keçirilən infrastruktur layihələri ilə yaxından tanış olmaq imkanı qazanacaqlar.
Mərasimdə çıxış edən müəllimlər və valideynlər şagirdlər üçün yaradılmış şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra məktəblilər xüsusi avtobusla ekskursiyaya yola salınıblar.